Bakı Hava limanında dünən gecədən etibarən gərginlik yaranıb. Bakı-Naxçıvan reysilə uçmağa çalışan vətəndaşların "AzPolitika.info"-ya verdikləri məlumata görə, gecə reyslərinin Naxçıvanda hava şəraitinin yaxşı olmaması səbəbindən təxirə salınmasına görə yüzlərlə sərnişin gecəni hava limanında keçirib.
Gecə saat 2-də uçmalı olan sərnişinlərə bildirilib ki, onların reysi bu gün 16,30-a qədər təxirə salınır. Lakin səhər saat 7-yə təyin olunmuş reysin yerinə yetirilməsi cəhdi gərginliyə yol açıb.
Aeroport rəhbərliyi narazı vətəndaşların qarşısına polisi çıxarıb. Gecədən reysi yubanan vətəndaşlar tələb ediblər ki, birinci onlar yola salınsınlar. Bundan sonra hətta iki reysin sərnişinləri arasında da gərginlik yaşanıb.
Mənbə bildirir ki, hazırda Naxçıvana heç bir reysi yerinə yetirmək olmur, yüzlərlə sərnişin, o cümlədən uşaq və yaşlılar aeroportda gözləyir.