“Atamla aramda pərdə var idi; onu ilk dəfə şəhid olarkən qucaqladım, gözümün qabağında vurdular..."

Moderator.az-ın “Vətən daşı” rubrikasında bu dəfə şəhid Müşviq Abbasovun onunla birlikdə müharibədə könüllü iştirak edən oğlu Şamil Abbasovla həmsöhbət olmuşuq.

Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayan illərdə könüllü döyüşlərə qatılıb. Hərbi əməliyyatlarda yaxından iştirak edən Müşviq Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilmişdir. 2-ci Qarabağ müharibəsinə iki oğlu və qardaşı ilə birgə könüllü olaraq yollanır. 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib. 

“Atamın şəhid olduğu gündən 3 il keçdi. Onsuz həyatımızda mənfiliyə doğru dəyişiklik çoxdur. Həyatla mübarizə aparmaq belə çətinləşib. Birdən-birə bütün məsuliyyət biz övladlarının üstünə düşdü. Atam bizə ancaq döyüşdən, düz olmaqdan, düz yaşamaqdan, haqq-ədalətdən danışırdı. Ondan geriyə qalan tək fotolar və xatirələrdir. Heç düşünməzdik ki, atamı yalnız şəkillərdən xatırlayacağıq”

Bunu Moderator.az-a İkinci Qarabağ müharibəsinin şəhidi Müşviq Abbasovun oğlu Şamil Abbasov deyib. Şəhidin övladı bildirib ki, atası onlarda vətənpərvərlik hissini uşaq yaşlarından aşılayıb.

“Atamı mərd, qorxmaz insan kimi tanımışıq. Uşaq yaşlarımızdan bizi çətinliyə öyrəşdirib. Ova gedəndə, dağa-daşa çıxanda mütləq bizi də özü ilə aparardı. Güllə atmağı da bizə o öyrətmişdi. Qanuni ov silahlarımız var idi. Torpaqlarımızın işğaldan azad olunduğu günü böyük səbirsizliklə gözləyirdi. Deyirdiki müharibə başlansa hamıdan birinci biz getməliyik. Atam və qardaşları Birinci Qarabağ müharibəsində də fəal iştirak ediblər. Böyük əmim o illərdəki döyüşlərdə yaralanıb şəhid olmuşdu” deyə şəhidin övladı bildirib.

Şəhidin övladı Şamil Abbasov daha sonra müharibəyə yollandığı günü xatırlayıb.

“Müharibə başlayar-başlamaz atam, mən, böyük qardaşım İntiqam, əmim Xəqani Abbasov və atamın Birinci Qarabağ müharibəsindəki döyüş yoldaşları ilə birlikdə könüllü cəbhəyə yollandıq. Bizim hamımız bir dəstədə idik. Sonradan böyük qardaşım İntiqam başqa istiqamətə kəşfiyyata getdi. Onu yola salandan sonra yenidən cəbhə bölgəsinə qayıtdıq. Həyəcan, qorxu yox idi. Atam ayrı-seçkilik etmirdi, ən təhlükəli nöqtələrə məni və əmimi göndərirdi. Atam həyatda olduğu kimi döyüşdə də arxa-dayağım idi. Amma döyüşdə aramızda komandir və əsgər münasibəti yaranmışdı” deyə o bildirib.

Şamil Abbasov atasının şəhid olduğu günü belə xatırlayır.

“Biz həmin gecə bölükdə idik. Səhər başqa istiqamətdən hücuma keçməli idik. Atam sanki özünü şəhidliyə hazırlayırdı. Mənimlə söhbət edirdi, deyirdiki məni vursalar özünü itirmə, səni də vursalar mən özümü itirməyəcəm. Bu sözlər mənə ağır gəlsə də ciddiyə almırdım. Qəfil bölüyə komanda gəldi, postumuza basqın olunmuşdu. Atam 10 nəfərdən ibarət dəstə ayırıb, qrup yaratdı. Biz silahlanıb posta tərəf yollandıq. Çataçatda atışma gücləndi. Bizə təlimat verib səngərə girdi. Biz pusquda idik, gözləyirdik. Mənə son əmri verəndən sonra səngərə girdi. Yanında da qohumumuz, döyüş yoldaşı Elşən adlı şəxs var idi. Atamla əlaqə yaratmaq istəsəm də alınmırdı. Elşən əmi gəlib titrək səslə dedi ki, Müşviqi vurdular. Atamın vurulma xəbərini eşidəndən sonra qışqıraraq səngərə tərəf qaçdım. Elşən əmi qolumdan tutub saxladı. Məni başa saldı ki, artıq atam şəhid olub, səbr etmək lazımdır. Eynən atam da bu sözləri mənə deyirdi. İnanmırdım ki, atam şəhid olmuşdu.. İçimdə bir hiss var idi ki, o hələ də sağdır. Əlindən tutub qaldırmaq istəyəndə barmağı yarı qopmuş halda əlimin üstünə düşdü. Minamyot partlayıb, qəlpələri atamın ürək nahiyəsinə dəymişdi.. Gözlərinə baxanda gördüm ki, şəhid olub... Çox çətin idi mənim üçün. Ona çox güvənirdik, mən də, qardaşlarım da. Atamın cibindən adı, soyadı və atasının adı yazılan qanlı bir kağız çıxdı... Bu kağız parçası ilə başa düşdümki atam hər şeyə hazır imiş. Atam gözümün önündə vuruldu, şəhid oldu, amma dəfn edəndə də baxırdım ki, bəlkə sağdır.. İnanmırdım.. Atamla aramda çox böyük bir pərdə olub. Bu pərdə imkan verməyib ki, onu qucaqlayım. İlk dəfə atamı şəhid olandan sonra qucaqladım” deyə şəhidin övladı Şamil Abbasov deyib.

Share on Facebook