Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? - TƏFƏRRÜAT

Oğuzdakı müəmmalı intihar hadisəsi araşdırılır. 

Övladına toy edəndən bir neçə gün sonra intihar edən atanın bu addımı hansı səbəbdən atması hüquq-mühafizə orqanlarının diqqətindədir. Hadisədən ən çox acı təəssüf hissi keçirənlər isə kənd sakinləridir.

Sozcu.az Bizim.media-ya istinadən xəbər verir ki, müəmmalı hadisə rayonun ucqar Böyük Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 51 yaşlı kənd sakini Ceyhun Məmmədkərimovun cansız bədəni ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib.

Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən analiz olunduqdan sonra meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. İlkin baxış zamanı meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.

Adlarının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, mərhum bir neçə gün əvvəl oğluna toy edib.

Məclis yüksək səviyyədə təşkil edilib və Ceyhun da üzərinə düşən atalıq yükünü layiqincə yerinə yetirib. Ümumiyyətlə, Məmmədkərimovlar kənddə sakit və problemsiz ailələrdən biri kimi tanınır.

Elə Ceyhun Məmmədkərimovun da hamı ilə ünsiyyətli və zəhmətkeş insan kimi münasibətləri olub. Baş verən hadisə sakinlərin dərin təəssüfünə səbəb olub. Hazırda baş verən intihar hadisəsi Oğuz Rayon Prokurorluğunda araşdırılır.

Share on Facebook