"Ermənistan Azərbaycanın tərəfdaşlarıyla əməkdaşlığa çalışır".
Sozcu.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, İrəvan Macarıstanla diplomatik münasibətləri bərpa etdikdən və rəsmilərin qarşılıqlı səfərlərini reallaşdırdıqdan sonra Böyük Britaniya ilə də əməkdaşlığın inkişafı yollarını arayır:
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyaya səfəri zamanı deyib ki, İrəvan Londonla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Ermənistanın Böyük Bnritaniya ilə iqtisadi əməkdaşlığı genişləndirdiyini və strateji əlaqələr qurduğunu bildirən Mirzoyan Londonla münasibətləri yeni səviyyəyə qaldıracaqlarını vurğulayıb. İrəvan Londonla hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlığa ümid edir. İrəvan Böyük Brityaniya hərbçilərinin Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasına qatılmasını istəyir. Londonun belə bir qərar verməsi Azərbaycan-Böyük Britaniya münasibətlərinə mənfi təsir edəcək. İrəvan elə buna çalışır".
Politoloqun fikrincə, İrəvan Azərbaycanın tərəfdaşlarını öz tərəfinə çəkmək istəyir və buna seyrçi qalmaq olmaz:
"Ümid etmək olmaz ki, dost və tərəfdaşlarımız Azərbaycanın maraqlarına tərs düşərək Ermənistanla hərtərəfli əməkdaşlığa üstünlük verməyəcəklər. Britaniyanın baş nazirlərindən birinin söylədiyi kimi, "Böyük Britaniyanın əbədi dostları və düşmənləri yoxdur, əbədi maraqları var".
Aydındır ki, hazırda Böyük Britaniyanın maraqları Azərbaycanla tərəfdaşlığın davamını diktə edir, ancaq buna arxayın olaraq hadisələri axarına buraxmaq doğru deyil. Ermənistanın və erməni lobbisinin Azərbaycan əleyhinə informasiya müharibəsini genişləndirdiyi dönəmdə biz də diplomatik zəmində fəallığımızı artırmalıyıq".