Türkiyənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) dünən başlayan qurultayında yeni sədr seçilib.
13 ildir partiyaya sədrlik edən Kemal Kılıçdaroğlunu CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özel əvəzləyəcək. Özel CHP-nin 38-ci qurultayının ilk turunda 682, ikinci turunda isə 812 səs toplayaraq mərkəz-solçu partiyanın başqanı seçilib.
49 yaşlı siyasətçi vəzifəyə seçildikdən sonra etdiyi çıxışında 2024-cü il martın 31-də keçiriləcək yerli seçkilərdə böyük uğur qazanacaqlarını vəd edib.
CHP-nin yeni lideri 21 sentyabr 1974-cü ildə Manisada anadan olub. İbtidai və orta təhsilini İzmirdə başa vurub, 1997-ci ildə Ege Universitetinin Əczaçılıq fakültəsini bitirib.
Siyasətlə məşğul olana qədər əczaçı işləyən Özel 2009-cu ildə yerli seçkilərdə CHP-dən Manisa merliyinə namizədi olsa da, seçkini qazana bilməyib.
2010-cu ildə Kamal Kılıçdaroğlunun CHP başqanı seçilməsindən bir il sonra keçirilən parlament seçkilərində Manisa millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olub. Bu prosesdə o, CHP-nin tərkibində yaradılan Həbsxana İstintaq Komissiyasında iştirak edib.
Çalışqanlığı və təsirli çıxışları ilə məşhur olan Özel 24 iyun 2015-ci ildə CHP-nin fraksiya sədrinin müavini seçilib. Bu il mayın 14-də keçirilən seçkilərə qədər bu vəzifəsini davam etdirib və seçkilərdən sonra fraksiyaya rəhbərlik edib.
Özgür Özel 2019-cu ildə parlamentdə milli müdafiə naziri Hulusi Akarla mübahisə zamanı söylədiyi fikirlərə görə məhkəməyə verilib. Hulusi Akar məhkəmədə 15 min lirə təzminat qazansa da, apellyasiya məhkəməsi qərarı ləğv edib.
14 və 28 may seçkilərindən sonra Özel İstanbul meri Əkrəm İmamoğlunun təşəbbüsü ilə CHP partiyasının “dəyişiklik istəyənlər” qanadında yer alıb. Özelin sədrliyə namizədliyi bu müddətdə ilk dəfə gündəmə gəlib.
İmamoğlu yenidən İstanbul merliyinə namizəd olmaq istədiyini açıqladıqdan sonra Özel sədrliyə namizəd olmaq qərarına gəlib. İmamoğlu və komandası Özelə dəstək olduqlarını açıqlayıb. O, sədrliyə namizədliyini sentyabrın 15-də açıqlayıb və dünən keçirilən qurultayda sədr seçilib.
Özəl evlidir və bir övladı var, alman və ingilis dillərini yaxşı bilir.