Rahib Salmanov özünü buna görə öldürüb - Təfərrüat

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir. Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib. Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir. R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.

Bakı metrosunun ilk xanım maşinisti qovuldu

Bakı Metropoliteni QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”. G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Kürdə batan yeniyetmə qızın meyiti tapıldı

Zərdabda avqustun 25-də Kür çayında batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, onun meyiti ötən gün axşam saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, 2009-cu il təvəllüdlü Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsigilə qonaq gəlib. O, Kür çayının sahilində yellənçəkdə yellənmək istəyərkən ehtiyatsızlığa yol verib, nəticədə yeniyetmə suya düşərək boğulub. Fakt araşdırılır.

Naxçıvanda fəhlə faciəvi şəkildə öldü

Naxçıvanda fəhlə tikinti zamanı ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb. Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

Magistral kəmərdə qəza: bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Bu rayonlar qazsız qaldı

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

Anası ilə birlikdə avtovağzalda olan gənc yoxa çıxdı

Bakıda 15 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb. Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü Hacıağa Nəsimi oğlu İbayev anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

“Azərpoçt” bələdiyyə hesabları ilə bağlı məsələyə münasibət bildirdi

Sozcu.az saytında yayımlanan: Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL - başlıqlı xəbərə,  “Azərpoçt” MMC münasibət bildirib.  Həmin münasibəti olduğu kimi təqdim edirik:  Astara Poçt Filialının bağlanması və həmin regionda yerləşən bələdiyyələrin hesablarının statusu ilə bağlı bildirək ki, sözügedən filialın ləğv edilməsinə baxmayaraq, həmin filialda olan heç bir bələdiyyənin hesabı bağlanmayıb, hamısı aktiv saxlanılıb. Həmin hesablar hazırda Lənkəran Regional Poçt Filialına köçürülür. Bununla yanaşı, köhnə hesablar da aktiv saxlanılır ki, bələdiyyələrin ödəniş prosesində hansısa problem yaranmasın. Bu hesabların aktiv olduğunu, hətta əməliyyatların aparıldığını da “Azərpoçt”un daxili izləmə sistemində görmək mümkündür. Həmçinin yeni əməkhaqqı kartlarının ödənişli olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və onlar tamamilə ödənişsiz şəkildə təqdim olunub Bir daha xatırladırıq ki, “Azərpoçt”un regionlaşma və optimallaşma prosesləri ilə əlaqədar bütün addımlar müvafiq qaydalar və tələblər əsasında aparılır. Media nümayəndələrini “Azərpoçt” MMC-nin nüfuzunu əsassız şəkildə zədələyə biləcək məlumatları yaymamağa dəvət edirik.

Ağsuda dağlıq ərazidəki yanğın söndürüldü

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Bakıda evdə partlayış: xəsarət alanlar var - Video

Bakıda evdə partlayış olub, xəsarət alanlar var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü İmanqulu Əbdül oğlu Quliyevə məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh İmanqulu qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul İmanqulu oğlu Quliyev təcili yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb. FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL  Azərpoçt” ASC-nin apardığı regional idarəetmə siyasəti nəticəsində ASC-nin Astara filialı bağlandı. Bizə bildirdilər ki, Lənkəran filalında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara filalında var idi,  1-ci əsrdə bu hesabları Lənkəran filalına keçirmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi. Hesab açmaq üçün Dövlət Vergi Xidmətindən "şəhadətnamə dublikat" almaq üçün müraciət etmək lazım idi. Əksər bələdiyyələrin DSMF və vergi borcu olduğu üçün Dövlət Vergi Xidmətindən "şəhadatnamə dublikat" üçün müraciət etmək mümkün olmayıb. Lakin Dövlət Vergi Xidmətinə məktubla müraciət etdik. Sağ olsunlar , vergi borclarını ödəmədən bələdiyyələrə bu imkan verildi. Yeni hesabları açdıq. İndi 3 aydan çox vaxt üstündən keçməsinə rəğmən “Azərpoçt”un Lənkəran filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyə olaraq "Azərpoçt"un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik.   Həm də hesabdan əlavə keçmiş əmək haqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazansın deyə, bu gün Astaranı 15 bələdiyyəsi iflic vəziyyətə düşüb.  Bugün düyünə düşmüş bu məsələnin həllinə çalışmaq lazımdır. Rüfət Əliyev Astara rayonu Homoşam bələdiyyəsinin sədri  P.S. Məsələ ilə əlaqədar Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarına və “Bələdiyyələrin onlayn xidmət” mərkəzinə müraciət etdik. Qurumlardan bildirdilər ki, məsələdən məlumatlıdırlar və bununla bağlı “Azərpoçt”un rəhbərliyi ilə əlaqə saxlanılıb. “Azərpoçt rəhbərliyi tərəfindən məsələnin tezliklə bələdiyyələr üçün “itkisiz” həll ediləcəyi bildirilib.