Birinci siniflərə şagird qəbulu başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.  Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.  Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək. 

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb

Bakıda xəstəxanadan çıxan şəxs itkin düşüb. Hadisə mayın 8-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı İsmayılov Firudin Əlibala oğlu saat 17 radələrində müalicə aldığı “Ağciyər Xəstəlikləri” İnstitutundan çıxıb naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

Tanınmış həkimi öldürən şəxs həbs edildi

Abşeronda arvadını qətlə yetirməkdə təqsirləndirilən Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Türkan Gündüzün öldürülməsinə dair Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Muhammet Gündüz barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Xatırladaq ki, qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub, əri isə biznesmendir.

Aybəniz Haşımova Türkanın qətliylə bağlı sirləri açdı: “Anasını eşitmədi...”

Abşeronda tanınmış plastik cərrah qətlə yetirilib. Ötən gecə 41 yaşlı Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sozcu.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova qətl hadisəsi ilə bağlı açıqlama verib. Sənətçi qətlə yetirilən Türkanənin ailəsini yaxından tanıdığını bildirib: “10-11 il bundan öncə yaşadığımız Bəşir Səfəroğlu küçəsində olan qonşumuzun, hətta ailəvi bir ara get-gəlişimiz olan ailənin qızını, türk vətəndaşı olan əri ürəyinə bıçaq soxub öldürüb. Şok yaşadım eşidəndə və qızın anasının o zaman mənə dediyi söz yadıma düşdü. Ay Aybəniz xanım, mən bu qıza nə dedim, xeyri olmadı, hətta özündən getmə tapmışdı, o oğlana vermirdik deyə dedi. Soruşdum ki, bəs səbəb niyə istəmirdiniz ki, getsin ona? Anası dedi ki, qızımın tayı deyil, qızımdan çox böyükdür. Bəs indi necə yola gedirlər salını verdim, cavabında isə çox qısqancdır dedi. Susdum, heç nə demədim, çünki qısqanclığın sonu yoxdur. Amma nə deyə bilərdim ki? Baxın, bu da son. Xalqın gül kimi qızının həyatını puç etdi vicdansız, xəstə təfəkkürlü insan. O qədər də yaxşı insan idi, heyf, Türkan səndən. Sevda xanımın, Samirənin nə çəkdiyini təsəvvür belə etmək istəmirəm. Allah səbrinizi versin Samirə qızım. Allah Türkana rəhmət etsin, Valideynlərinizi dinləyin, qızlar. Bax, görürsünüz, valideynə qulaq asmayanda necə olur...” /Yenisabah.az

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Azərbaycanda cinsi istismara məruz qalan uşaqların sayı açıqlanıb

Ötən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan vətəndaşı, biri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib). Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir. Qeyd edilib ki, onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.

Bakıda insident: söyüşə görə qonşusunu baltaladı

Bakı sakini qonşusunu baltalayıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu 1977-ci il təvəllüdlü, Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Biləsuvar şəhəri 3 gündür susuz qalıb

Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir. Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Bakıda rüşvət alan məktəb direktoru axtarışa verildi - FOTO

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb. Görünür C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.

Qardabanidə qızını məcburi ərə vermək istəyən ata həbs edilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda toy günü gəlin sığınacağa, atası isə istintaq təcridxanasına yerləşdirilib. Hadisə məcburi evlilik səbəbilə baş verib. Məlumata görə, 50 yaşlı ata 19 yaşlı qızını döyərək qonşusu ilə evlənməyə məcbur edib. Bildirilib ki, qız toy günü məsələ ilə bağlı öz dostuna danışıb və dostu şadlıq sarayına polis çağırıb. Toy mərasiminə gələn polis gəlini sığınacağa, atasını isə istintaq təcridxanasına yerləşdirib. Nəticədə mərasim ləğv edilib və gələn qonaqlar dağılışıblar. Müttəhimin vəkili onun qızına fiziki zorakılıq etmədiyini bildirib. Psixoloqların sığınacağa yerləşdirilən qızla məşğul olduqları açıqlanıb.

Məşqdə ölən 7 yaşlı Fəridin FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölüb.  Məşqçi M. Xəlilov hadisədən sonra saxlanılıb və barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.  Yenisabah.az Bakupost.az-a istinadla  xəbər verir ki, azyaşlının sosial şəbəkələrdə fotosu yayılıb. 

“Azadlıq” və Meydan TV-yə qadağa ləğv edildi

“Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarına qoyulan blok aradan qaldırılıb. Sozcu.az xəbər verir ki, artıq internet resurslarından sözügedən media orqanlarının saytlarına giriş etmək mümkündür. Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarının bloklanması barədə qərar çıxarmışdı.