Qarabağ müharibəsində itkin düşmüş şəhid dəfn olundu

18:10 Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Almaz oğlu Çıraqovun meyitinin qalıqları Şirvan şəhərinə gətirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şirvan şəhərində ailəsinə təhvil verilib. Şəhidlə vida mərasimi keçirilir. E.Çıraqov Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, 1970-ci ildə Şirvan şəhərində doğulan Elman Almaz oğlu Çıraqov 1992-ci il avqustun 21-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. *** Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Çıraqovla Şirvan şəhərində keçirilən vida mərasimi başa çatıb. Şəhidin nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurban bayramının namaz vaxtı açıqlandı

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib. Qeyd olunub ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq: “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

Bank kartlarından oğurluq edən şəxs tutuldu

Bakıda polis kartlardan oğurluq edən 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Elnur Əhmədov saxlayıb. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, onun paytaxt ərazisində 20-dən artıq şəxsin kartının şifrəsini əldə edərək müxtəlif məbləğlərdə pul oğurladığı məlum olub. E.Əhmədovun bir neçə şəxsə qarşı dələduzluq etdiyi də müəyyən edilib. Bu şəxs kart məlumatlarını bankomatların yanında dayanaraq pul çıxaran şəxsləri kənardan müşahidə etməklə əldə edib. E.Əhmədov ondan kartdakı məbləği nağdlaşdırmaq üçün kömək istəyən şəxslərin şifrələrini əldə edərək onlara qarşı da eyni əməlləri törədib. Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

Bu binalarda mənzillər niyə bahadır?

Bakıda "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması ilə bağlı xəbərlər yayılır. Bu hal mənzil bazarında qiymətlərə necə təsir edəcək? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, 2016-cı ildən etibarən pilot layihələr üzərindən köhnə, xüsusən də istismar müddəti bitən qəzalı binaların söküntüsünə start verilib. "Bu günə qədər onlarla çoxmənzilli bina və fərdi yaşayış evi sökülərək yerində yeni binalar tikilib. Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, istismar müddətini bitirmiş binalarda mənzillərin satış qiyməti yenilərindən 50% ucuz satılır. Hazırda Bakı şəhərində istismar müddətini bitirmiş binalarda 11 minə yaxın mənzil var". Ekspert qeyd edib ki, ölkəmizdə pilot layihələr üzərindən söküntü işləri başlayandan istismar müddətini bitirən binalardakı mənzillərin qiymətləri kəskin bahalaşdı. "Qiymət artımının müxtəlif səbələri var. Sökülən binada mənzili olan şəxsə yeni tikilidən daha böyük sahəli və təmirli mənzil verilir. Verilən mənzil vətəndaşın köhnə mənzilindən iki dəfə baha olur. Bu səbəbdən də sökülmə ehtimalı olan binalardakı mənzillər satılmır və qiyməti bahalaşır. Belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur. Həmin şəxslər köhnə mənzil sökülüb yerində təzəsi tikildikdən sonra təzə mənzili satışa çıxarır və iki dəfə baha satır. Bundan əlavə, çoxmərtəbəli binalar tikiləndə kirayə pulu da verirlər ki, bu da əlavə qazancdır", - deyə o qeyd edib.

AYNA hədəfinə nail oldu: Bakıda taksilər kəskin bahalaşdı

Bakıda taksi xidmətləri ilə bağlı yeni qaydaların tətbiqinə bir aya yaxın vaxt qalmasına baxmayaraq, artıq bir neçə gündür qiymətlərdə bahalaşma başlayıb. Sozcu.az xəbər verir ki, 1 iyundan bütün taksi xidmətlərində 50% civarında artım müşahidə edilir. Qeyd edək ki, 1 iyuldan taksi xidmətləri ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Artıq bir müddətdir taksi şirkətləri yeni qaydaların tətbiqinə hazırlıqlara başlayıb. Bu isə ixtisarlara, bəzi taksi şirkətlərinin bağlanmasına səbəb olub ki, nəticədə təklif azalıb. Xatırladaq ki, yeni qaydaların tətbiq olunmasının əsas səbəblərindən biri də Bakıda taksilərin sayını azaltmaqdır və AYNA bu hədəfinə nail olmaq üzrədir.axar.az)

Qəbul imtahanının cavabları nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Sozcu.az-ın məlumatına görə, imtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu. İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq. İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qaradağda güclü külək avtomobili aşırdı - Yaralanan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, rayonun Puta qəsəbəsində magistral yolda hərəkətdə olan avtomobil küləyin təsirindən idarəetməni itirərək aşıb. Hadisə zamanı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Cənnətov Dilqəm Qərib oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

İyun ayının hava proqnozu - Temperatur 39 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda iyun ayının hava proqnozunu açıqlayıb.  Bu barədə Sozcu.az-a qurumdan məlumat verilib. Bildirilib ki, iyun ayında yay fəslinin ilk ayı üçün xarakterik olan hava şəraiti və temperatur rejimi səciyyəvidir. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazlərindən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir. Bu təsir temperatur şəraitində də özünü göstərir. Həmçinin əsasən dağlıq və dağətəyi rayonlarda yüksək temperatur fonunda formalaşan güclü konvektiv hava axınları qısamüddətli leysan yağışlara, ildırım-dolu prosesinin yaranmasına şərait yaradır.  Bu ilin iyun ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun və aylıq yağıntının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarında da bu tendensiyanın olacağı, yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.  Birinci ongünlüyün ilk günlərində şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı keçəcəyi gözlənilir.  Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə isə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-12 mm).  Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə isə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).  Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə isə 29-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (63-130 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə isə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 38-86 mm).  Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (46-58mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-179 mm).  Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-49 mm).  Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-47 mm). 

Prezident icra başçısını işdən ÇIXARDI - DOSYE

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, Alxasov Şair 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Hesablama Palatası Naxçıvanın Təhsil Nazirliyi ilə bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan büdcədən maliyyələşən qurumların (seçmə qaydada) dövlət vəsaitindən və dövlət əmlakından istifadə etməsinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi aparıb. Sozcu.az bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit 2023-cü ili əhatə edib və bu dövrdə 24 303 436 manat xərc icra edilib. Auditlə əhatə olunan təhsil müəssisələrində normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə, əvvəlki tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi nəticəsində artıq vəsaitlər ödənilməsi, dövlət satınalmalarının keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda çatışmazlıqlar aşkar edilib. Qeyd olunan hüquqpozmalarda cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” qanunun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Yeniyetmə qızlar niyə evdən qaçır? - Açıqlama

Son günlər tez-tez yeniyetmələrin, xüsusilə də qızların evdən qaçmasıyla bağlı xəbərlər yayılır. Onların arasında yetkinlik yaşına çatmayanlar da, 18 yaşı tamam olanlar da var. Bəs görəsən, qızları bu cür addım atmağa nə vadar edir? Valideyn-övlad münasibətləri hansı səviyyədə olmalıdır ki, onlar evdən qaçaraq “sərbəstlik” axtarışında olmasınlar? Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a açıqlamasında belə hadisələrin bir sıra səbəblərinin olduğunu bildirib. Onun sözlərinə görə, qızlar sevgi, qayğı və diqqətlə böyüdüləndə xoşbəxt olurlar: "Yəni bir qızı ac, susuz saxla, geyimsiz böyüt, amma sevgisiz böyütmə. Sevgisiz ailələrdə qızlar travmatik böyümüş sayılır. Onlar 14, 15, 16 yaşında ilk dəfə ona “sevirəm”, “canım” deyən insanla qaçacaq. Çünki "yağışdan çıxıb yağmura düşmək" bu yaşda qızların adətidir. Həyatda onu ilk dəfə kimsə önəmsəyib. Bu duyğudan dolayı onlar evdən qaçırlar. Belə hadisələr nadir hallarda uğurlu olur. Əksər hallarda qızların seçimləri düzgün olmur. Sonra da qız ya intihar edir, ya məcburi ailə həyatı yaşayır, ya da əxlaqsız həyat tərzini seçir. Qızların evdən qaçmasının dəb halının almasının bir səbəbi də bu yolu seçən insanların bəzilərinin uğurlu bloger və ya digər sənət sahibi olmalarıdır. Bu ugur digərlərini də evdən qaçmağa sövq edir".

Sabiq nazirin oğluna yüksək vəzifə verildi

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub. Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur. Qeyd edək ki, Zaur Ələkbərov 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsinə çalışıb.