Kimlər ödənişli yola buraxılmayacaqlar? - AÇIQLAMA

“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq”. Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib. A.Nəcəflinin sözlərinə görə, bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb: “Avtonəqliyyat vasitələrinin beynəlxalq tələblərə uyğun yükgötürmə normaları var. Həmin normalara görə avtomobilin hər bir oxuna düşən çəki müəyyən edilib. Ödənişli yolda avtonəqliyyat vasitəsi yolun ödəniş məntəqəsindən keçərkən orada quraşdırılan sensorlu xüsusi tərəzilər onun hər oxuna düşən yükü çəkəcək. Əgər avtomobil beynəlxalq tələblərdə nəzərdə tutulandan artıq yük götürərsə, sensorlar onu qeydə alır və avtomatik həmin nəqliyyat vasitəsi ödənişli yola buraxılmır”. Qeyd edək ki, Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur.

“Kasıb adam bahalı yerə getməsin, ayağını yorğanına görə uzatsın”

Şadlıq saraylarında toy qiymətləri dayanmadan artır. Bir stulun 200-350 manat olduğu şadlıq sarayları var ki, oradakı yeməklərin keyfiyyəti təklif olunan qiymətlərdən çox aşağıdır. Toy biznesi bir çox insanların dolanışığına xidmət etsə də, bir qisminin də “cibinə girir”. Maraqlıdır, bəs buna dövlət səviyyəsində müdaxilə olmalıdırmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, dövlət restoran qiymətinə qarışmır: “Restoranda olan qiymətlərə dövlət tərəfindən hər hansı müdaxilə nə qanuna, nə bazar iqtisadiyyatı qaydalarına, nə də biznes etikasına görə doğrudur. Ümumiyyətlə, dövlətin bu cür şadlıq saraylarının qiymət siyasətinə müdaxilə etməsinin heç bir əsası yoxdur. Şadlıq sarayı strateji sektor deyil, əyləncə sektorudur. Məsələn, taxılın, metronun, suyun qiyməti olsaydı, deyərdim, hə, dövlət müdaxilə etməlidir və s. Amma əyləncə sektorunda heç kimi məcbur etmirlər ki, gəlib həmin şadlıq sarayının xidmətindən məcbur şəkildə istifadə etsin”. İqtisadçı deyib ki, şadlıq sarayının rəhbəri istəsə, 200-350 rəqəminin yanına bir və ya iki sıfır da artıra bilər: “Burada heç bir tənzimləmə lazım deyil. İnsanların şəxsi seçimidir, bazar iqtisadiyyatıdır. Adam var bir aya 300 manat qazanır, adam var yüz min qazanır, eləsi də var ki, bir milyon gəlir əldə edir. Ona görə də hər kəs ayağını yorğanına görə uzatmalıdır. Bazar həddindən artıq bölünüb, heç bazarın 3 faizi belə hər hansı bir şəxsin əlində deyil. Çoxlu sayda xırda, orta, böyük və daha iri şadlıq sarayı var və hər biri də müxtəlif qiymət təyin edirlər. Kasıb insan bahalı şadlıq sarayına getməsin, kimisə məcbur etmirlər”.

“TikTok”a görə ordudan qovulan hərbçilər: Onların suçu nə idi?

“Hərbçilərin sosial şəbəkədən istifadə etmə məsələsindəki fokusu dəqiqləşdirmək lazımdır ki, bunu edən kimlərdir? Yəni bu adamlar hazırda hərbi xidmətdədir, yoxsa tərxis olunublar? Və yaxud vaxtilə orduda xidmət edib deyə indi bu addan sui-istifadə edirlər? Qısası, bunları dəqiqləşdirmək lazımdır”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.  O, Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən bir sıra hərbçilərin sosial şəbəkələrdə canlı yayım açmasından sonra ordu sıralarından xaric edilməsi məsələsinə, habelə bu tendensiyanın tənzimlənmə mexanizmlərinə münasibət bildirib.  Q.Məhərrəmliyə görə, əgər kimsə hərbi xidmətdədirsə, bunun xüsusi tələbləri var və orada heç kim bu cür canlı yayımlar aça bilməz:  “Çünki bu, ordudakı hərbi intizama birbaşa bağlı olan məsələdir deyə, belə şeylər qadağandır. Lakin kimsə vaxtilə orduda xidmət edib indi “TikTok”da canlı açırsa, bunun qarşısını heç kim ala bilməz. Sadəcə olaraq, dəqiqləşdirmək lazımdır ki, bu şəxs həqiqətənmi hərbçidir, yoxsa paltarları əyninə geyinib medalları taxaraq bundan sui-istifadə edir? Ən əsas bunları dəqiqləşdirmək lazımdır”.  Onun fikrincə, birinci məqam istisna olmaqla ölkədə heç kimin söz demək və fikir yaymaq hüququnu məhdudlaşdırmaq olmaz:  “Sosial şəbəkələr heç kimə senzura tətbiq edə bilməz. Əgər o, etik qaydaları pozmursa, söyüş yoxdursa, bu şirkətlərin məzmuna müdaxilə etmək haqqı yoxdur. Sosial şəbəkələri idarəetmə heyəti yalnız etik qaydaları pozmaq, habelə müəyyən ölkələrin Konstitusiya quruluşunu zorla devirməyə, eləcə də bəzi qadağan olunmuş siyasi məsələlərlə bağlı çağırışlar olanda müdaxilə edə bilir. Amma ümumən kimsə hansısa problemi qaldırırsa, bununla bağlı istər “TikTok”, istərsə də “Facebook” olsun, onların etik qaydaları ilə ziddiyyət təşkil edən məqamlar istisna olmaqla heç kimə qadağalar qoya bilməz”.  “Məsələn, bu yaxınlarda “X” platformasının rəhbəri Elon Mask elan etdi ki, onlar 200 mindən çox istifadəçiyə terrorizmə çağırış etdikləri üçün məhdudiyyətlər qoyub. Hesab edirəm ki, bu, doğru addımdır və bu cür hallarda belə məhdudiyyətləri qoymaq olar. Amma şəxsi, sosial və ictimai problemlər qaldıran adamlarla bağlı heç bir sosial şəbəkə qadağa tətbiq edə bilməz”, - fikirlərini yekunlaşdırıb. 

Bakıda gənc oğlan yoxa çıxıb: Əslən Kəlbəcərlidir

Bakı şəhər sakini (Əslən Kəlbəcər rayonundan olan) İlkin Abbasov yoxa çıxıb. Valideynlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə, 03 Yanvar 1998-ci il təvəllüdlü İlkin Abbasov bu ayın 14-də evdən çıxaraq, bir daha geri dönməyib. Sonuncu dəfə o,  Masazır ətrafında kameralarda  görüntülənib. Onu görənlərdən xahiş olunur ki, 0503166571, 0503703232 nömrəsi ilə əlaqə saxlasın. Mükafat veriləcək!

Şəmkir sakini ölkə rəhbərliyindən kömək istəyir

Şəmkir rayon Çinarlı qəsəbə sakini Asif Nəbiyevə məxsus ev dağılma təhlükəsi ilə üz-üzədir. Qəsəbə ərazisindən keçən su kanalının daşması, yağış sularının ev və həyətə dolması nəticəsində həyətin böyük bir hissəsində torpaq axıntısı yaranıb. Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının fəaliyyəti nəticəsində evin üst tərəfindən yerləşən su kanalında bərkidilmə işləri həyata keçirilib. Evdə və həyətdə axıntı nəticəsində yaranmış çatlar təhlükənin hələdə mövcud olduğu göstərir. Ailə 6 nəfərdən ibarətdir. Ata və iki övladı əqli qüsurludur. Ailə yaranmış təhlükəli durum ilə bağlı ölkə rəhbərliyindən kömək istəyir. Ailənin sosial vəziyyətidə çox acınacaqlı durumdadır. Sözcü.az

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Elnur Cəfərovun atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Cəmiyyət Cəfərov ötən gün dünyasını dəyişib. O, Füzuli rayonunda dəfn edilib. Qeyd edək ki,1998-ci il təvəllüdlü Elnur Cəfərov müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib və 2020-ci ilin 3 oktyabrında Füzuli uğurnda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycanlı zabit İsraildə həlak oldu

İsrailin Beeri şəhəri uğrunda döyüşlərdə ordunun 36 yaşlı azərbaycanlı zabiti Emin Axundov həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Həmyerlimiz şəhərin hərbi məzarlığında dəfn edilib. Məlumata görə, E.Axundovun 2 azyaşlı övladı var.

Qarabağ müharibəsi veteranının müraciəti - VİDEO

Ömrünün 4 ilini Qarabağ uğrunda müharibəyə sərf etmiş Şəmkir rayon Talış kənd sakini, müharibə veteranı Cavadov Yalçın Əziz oğlunun evindən ürək dağlayan görüntülər.  Xocavənd-Fizuli uğrunda döyüşlərdə iştirak etmiş Yalçın Cavadov böyrəklərindən xəstədir. Böyrəklərində ağrıların artması ilə bağlı iş qabiliyyətini itirmək üzrədir. Dövlətdən 80 manat veteran pulu aldığını və müxtəlif yerlərdə gündəlik işlərdən əldə etdiyi gəlir ilə yaşayışlarını ancaq təmin etdiklərini bildirir. Maddi durumları ağır olduğundan çox acınacaqlı durumda olan evi restavrasiya etmək gücündə deyillər. Bu səbəbdən kömək üçün ləyaqətli, vicdanlı Azərbaycan övladlarına müraciət etməyi tək çıxış yolu bilir: Sözcü.az 

Hərbçimiz Füzulidə həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat yayıb. O bildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb. Onun üzərindən külli miqdarda - 102 qram narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qarabağda yaşayan erməni fermerlər vergilərdən azad olunacaq

Qarabağda yaşayan erməni sakinlərin yaşadıqları ərazilərdə fermerlərə subsidiyalar veriləcək. Bu, Azərbaycan Respublikasının reinteqrasiyaya dair planlarında əks olunub. Onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediləcəklər.

Qarabağ erməniləri daxili işlər orqanlarına işə CƏLB OLUNA BİLƏR

Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər. Savash.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.