Partlayış zamanı evsiz qalan sakinlərə ev veriləcək?

Xəbər verdiyimiz kimi, dekabrın 3-də Sumqayıt şəhərinin 13-cü mikrorayonunda baş vermiş qəza ilə əlaqədar müvafiq orqanlar tərəfindən binaya yoxlama aparılıb. Sozcu.az-ın Milli.az-a istinadən məlumatına görə, bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib. "Mütəxəssislərin rəyinə əsasən, müvafiq qərar veriləcək. Qərar alındıqdan sonra, əgər zərurət yaranarsa, ailələrin müraciətləri əsasında onlara müvəqqəti yaşayış yeri təmin ediləcək", - o qeyd edib. Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Bu dərmanları satanlar 11 min manatadək cərimələnəcək

Yararlılıq müddəti bitmiş dərmanların satışına görə cərimələr artırılır. Sozcu.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on bir min manatadək məbləğdə cərimə ediləcək.

Leysan yağacaq - PROQNOZ

Dekabrın 6-dan 7-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında dekabrın 6-dan 8-i gündüzədək bəzi şərq rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Qusar) leysan xarakterli olacağı ehtimalı var.

Bu dərmanları reseptə yazanlara XƏBƏRDARLIQ

Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər cərimələnəcək. Sozcu.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -221.12-ci maddəsində əksini tapıb. Layihəyə əsasən, “Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək. Təklif edilən yeni -221.13-cü maddədə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək. Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilməsi təklif edilir.

Ağsuda şəhid ailəsinin şikayətinə baxan yoxdur - Video

Ağsu rayon sakini, şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu Sozcu.az saytına yazaraq, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun onların müraciətlərinə baxmadığını bildirib. Zərdar Zöhrabov bildirib ki, şəhid ailəsi olaraq üzün illər növbə gözlədikdən sonra, 2020. - ci ildə ailənin özünə məxsus olan torpaq sahəsində mənzil tikilərək onlara təhvil verilib. Çox keyfiyyətsiz və ucuz materiallarla tikilən mənzili ailə özü yenidən vəsait xərcləyərək bərpa edib. Sərdar Zöhrabov bildirir ki, hazırda həmin mənzilə gedən yol və mənzilin ətrafı bərbad gündə olduğu üçün ailə hələ də, onlara tikilən mənzilə köçə bilmir. Yağışlı havalarda ərazi palçıq olur və hətta, avtomobil ilə gedib-gəlmək mümkün olmur. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə müracət etsələr də, onların müraciətinə baxan olmayıb, deyə, şikayətçi qeyd edib. https://www.youtube.com/shorts/lyXNv4DWB6k

Hazırda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Babək prospekti, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 3. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Utilizasiyaya gedən avtomobillər üçün ödənişin məbləği...

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib. Bu barədə Sozcu.az “Təmiz Şəhər” ASC-yə istinadən xəbər verir. Ötən dövr ərzində 30 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib. Qeyd edək ki,ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb. Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi ilə bağlı bu linkdən tanış olmaq olar.

Sumqayıtda axtarış-xilasetmə işləri başa çatdı - YENİLƏNİB

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Bununla bağlı Sozcu.az-a FHN-dən məlumat verilib. Ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib. *** 10:14 Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir. Sozcu.az-ın məlumatına görə, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev jurnalistlərə açıqlamasında deyib. "Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç nəfər xəsarət alanın çıxarılıb təhvil verilməsi təmin edilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir", - o qeyd edib. Xatırladaq ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

“Yeni il ərəfəsində uşaqlar üçün marketlərdə hədiyyə qutuları təqdim edilir. Müştərinin bu qutuları açıb içindəki məhsul barədə məlumat öyrənmək şansı sıfıra bərabərdir". Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib. Artıq neçə gündür ki, müxtəlif ticarət obyektlərində Yeni il ab-havası hiss edilir. Market vitrinlərini bayram hədiyyələri bəzəməyə başlayıb. Görünüşü cəlbedici olsa da, hədiyyə bağlamalarının içindəki məhsullar köhnə və yararsız olduğunu iddia edənlər var.  Qida eksperti bu rəyi bölüşür: “Bu qutuları qəsdən elə bağlayırlar ki, müştəri asanlıqla aça bilməsin. Sadəcə alıb evinə aparsın. Bəzi işbazlar insan sağlamığını nəzərə almır və hədiyyə qutularının içinə yararlılıq müddətinin bitməsinə 10-15 gün qalan məhsullar yerləşdirir. Qutularda isə ən çox kremli məhsullar, şirniyyatlar və s. olur”. İ. Şirinov alıcılara çağırış edib: “Müştərilər özləri hədiyyə qutunu alıb istədiyi məhsulla bayram hədiyyəsi hazırlaya bilər. Bu daha məqsədəuyğun olar. Şirkətlərin hazırladığı hədiyyələri müştərilər mütləq açmalı və içindəki məhsulları bir-bir yoxlayıb, onların tərkibi haqqında məlumatlarla tanış olmalıdırlar. Bu haqda müştərilərə heç kim qadağa qoya bilməz. Əsas məsələ uşaqların sağlamlığıdır.  Valideynlər burada son dərəcə diqqətli olmalıdırlar”.  

Bu ərazilərimizə qar yağdı: 14 dərəcə şaxta...

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Yağış yağır, duman var – FAKTİKİ HAVA

Saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.

Şirvanda körpənin ölüm səbəbi bilindi - YENİLƏNDİ

10:30 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. ***** Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. "Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.