Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Abşeronda bank hesabından pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Xırdalan şəhər sakini olan bir nəfərin bank hesabından 2300 manatının oğurlaması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xırdalan şəhər sakini V.Tanrıverdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Azərbaycanda cinsi istismara məruz qalan uşaqların sayı açıqlanıb

Ötən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan vətəndaşı, biri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib). Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir. Qeyd edilib ki, onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.

Bakıda insident: söyüşə görə qonşusunu baltaladı

Bakı sakini qonşusunu baltalayıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu 1977-ci il təvəllüdlü, Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Biləsuvar şəhəri 3 gündür susuz qalıb

Kür-Bakı magistral su kəmərində baş verən qəzaya görə Biləsuvar şəhəri 3 gündür ki, içməli susuz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, ötən gün günorta saatlarında şəhərə içməli suyun veriləcəyi deyilsə də, hələlik bu saata qədər problem davam edir. Qeyd edək ki, mayın 2-də Kür-Bakı magistral su kəmərində qəza baş verib. Hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.

Bakıda rüşvət alan məktəb direktoru axtarışa verildi - FOTO

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Qeyd edək ki, C.Səfərovun barəsində cinayət işinin başlanması ilə bağlı hələ 2020-ci ildə Baş Prokurorluq tərəfindən məlumat yayılıb. Görünür C.Səfərov istintaqdan yayındığı üçün axtarışa verilib.

Qardabanidə qızını məcburi ərə vermək istəyən ata həbs edilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda toy günü gəlin sığınacağa, atası isə istintaq təcridxanasına yerləşdirilib. Hadisə məcburi evlilik səbəbilə baş verib. Məlumata görə, 50 yaşlı ata 19 yaşlı qızını döyərək qonşusu ilə evlənməyə məcbur edib. Bildirilib ki, qız toy günü məsələ ilə bağlı öz dostuna danışıb və dostu şadlıq sarayına polis çağırıb. Toy mərasiminə gələn polis gəlini sığınacağa, atasını isə istintaq təcridxanasına yerləşdirib. Nəticədə mərasim ləğv edilib və gələn qonaqlar dağılışıblar. Müttəhimin vəkili onun qızına fiziki zorakılıq etmədiyini bildirib. Psixoloqların sığınacağa yerləşdirilən qızla məşğul olduqları açıqlanıb.

Məşqdə ölən 7 yaşlı Fəridin FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarov idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölüb.  Məşqçi M. Xəlilov hadisədən sonra saxlanılıb və barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.  Yenisabah.az Bakupost.az-a istinadla  xəbər verir ki, azyaşlının sosial şəbəkələrdə fotosu yayılıb. 

“Azadlıq” və Meydan TV-yə qadağa ləğv edildi

“Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarına qoyulan blok aradan qaldırılıb. Sozcu.az xəbər verir ki, artıq internet resurslarından sözügedən media orqanlarının saytlarına giriş etmək mümkündür. Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarının bloklanması barədə qərar çıxarmışdı.

"Sədərək"də DAVA: Yaralanan var

"Sədərək" Ticarət Mərkəzində dava olub.  Sozcu.az lent.az-a istinadən bildirir ki, bir qrup şəxs arasında düşən davada Bakı şəhər sakini 43 yaşlı Mansur Adıyev döyülüb. Hadisə ilə bağlı polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb. 

Bakıda 21 yaşlı gənc intihar edib

Bakıda 21 yaşlı gənc intihar edib. Sozcu.az-ın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Emin Əminov yaşadığı mənzilin eyvanından özünü asıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.report

Rəşad Dağlı özünü qismən təqsirli bilir

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib. İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib. Rəşad Dağlı ittihama münasibət bildirib, özünü qismən təqsirli bilib. O, məhkəmə istintaqının sonunda geniş ifadə verəcəyini deyib. Daha sonra zərərçəkmişin hüquqi varisi ifadə verib. O hər hansı şikayətlərinin olmadığını deyib. Qeyd edək ki, hadisə 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Gənc qızları narkokuryerliyə cəlb edən şəxs SAXLANILDI

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu deyib. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.