Azərbaycan XİN Ararat Mirzoyana cavab verib: “Ermənistan sülh danışıqlarına qeyri-ciddi yanaşır”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edib. Sozcu.az-ın xəbərinə görə, mətbuat katibi deyib ki, A.Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir. Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır. Bir daha Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır".

Bakı Rusiyanın variantını rədd etdi - Mirzoyan

Qarabağ məsələsinin həllinin rus variantı Azərbaycan tərəfindən rədd edildi. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında müzakirələr zamanı deyib. “Rusiyanın nizamlanma variantında Qarabağın statusu məsələsinin sonraya saxlanılması, Qərb isə Qarabağı Azərbaycanın tərkibində saxlamağı təklif edir – bu bəyanatlar reallığı tam əks etdirmir. Vəziyyət belədir: status məsələsinin həllinin ləngiməsini nəzərdə tutan rus variantı müzakirə olunsa da, Azərbaycan tərəfindən rədd edilib. İndi tərəflər Qarabağın (erməni) əhalisinin hüquq və təhlükəsizliyi probleminin həlli üçün beynəlxalq mexanizmlərin yaradılmasını nəzərdə tutan variant üzərində danışıqlar aparır”, - Mirzoyan bildirib. Onun iddiasına görə, bu mexanizmlər “Xankəndi” (Qarabağın erməni icması nəzərdə tutulur – red.) və Bakı arasında birbaşa dialoq yolu ilə həyata keçirilməlidir. Qeyd edək ki, bundan əvvəl Ermənistanın xarici işlər naziri İrəvan və Bakının xırda məsələlər üzrə qarşılıqlı məqbul düsturlar tapdığını, lakin gələcək sülh müqaviləsinin əsas müddəaları üzrə mövqeləri hələ də yaxınlaşdırmaq mümkün olmadığını bildirib.

İrəvanla Bakı arasında sülh... - ABŞ-dan yeni açıqlama

ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Tviterrdə yazıb. O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır.

"Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır" - Blinken

Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib. “Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”, - Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ Prezident Administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı üçün 700 min dollar tələb etməsi ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib. Qeyd edək ki, senator Menendez arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda pul vəsaiti almaq kimi qaranlıq əməlləri nəticəsində uzun müddətdir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) diqqətini cəlb edib və bununla bağlı araşdırma aparılır. Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən senatorun növbəti təxribatı fiaskoya uğrayıb. Erməni lobbisinin cəhdlərinə və lobbidən maliyyə dəstəyi alan "cib senatorlar"ın sayının artmasına baxmayaraq, Azərbaycan və ABŞ hər iki ölkə üçün faydalı olan qarşılıqlı əməkdaşlığı davam etdirir.

Bakı və İrəvan tezliklə sülh sazişi imzalaya bilər - ABŞ

Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində çıxışında bunu deyib. "Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə Blinken bildirib.

Azərbaycanla AŞ arasında daha bir sənəd imzalandı

Azərbaycan Avropa Şurasının (AŞ) "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyasının Əlavə Protokolunu imzalayıb. Sozcu.az xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb. AŞ-nin "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə cəlb olunmaq, terrorçuluq məqsədi ilə xaricə səfər etmək və ya belə məqsədli səfəri təşkil etmək və maliyyələşdirməyi cinayət əməli kimi müəyyən edir, həmçinin sürətli məlumat mübadiləsini asanlaşdıran sutkada 24 saat fəaliyyət göstərən milli əlaqələndiricilər şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Müvafiq dövlətdaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra, bu Əlavə Protokol, onun 10-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minəcək və ölkəmizin terrorçuluqla mübarizədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verməsinə xidmət edəcək.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Novruz Bayramı münasibətiilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Novruz bayramı münasibətiilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bahar Bayramı xalqımızın ən qədim və ən sevimli bayramlardan biridir. Baharın gəlişi, təbiətin oyanması ilə bağlı olan bu bayram, həm də qədim ənənələrimizin qorunub saxlanması, nəsildən nəsilə ötürülməsi baxımından çox əhəmiyyətlidir. Xalqımızın kimliyini unutdurmaq, assimilyasiya etmək istəyənlər zaman-zaman tariximizi təhrif etmiş, başqa adət-ənənələrimiz kimi bu bayramımızı da unutdurmağa, mahiyyətini dəyişdirməyə çalışıblar. Xüsusilə sovet dövründə qadağan edilmiş Bahar Bayramımız Azərbaycanda gizli şəkildə qeyd edilirdi. Soydaşlarımız bir- birilərini gizli təbrik edir, bayram nemətlərini gizli hazırlayır, bayram şənliklərini gizli keçirirdilər. Müstəqilliyimiz əldə olunandan sonra isə Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi təntənə ilə qeyd edilir və xalqın ən sevimli bayramlardan biridir. Təəssüf ki, zəngin sərvətlərə sahib olan bir ölkənin vətəndaşları digər bayramlar kimi Novruzu da ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Sosial- iqtisadi durumun pisləşməsi, qiymətlərin ardıcıl olaraq böyük sürətlə artması nəticəsində sadə Azərbaycan ailəsi ucuz bir bayram süfrəsi də aça bilmir. Belə ailələrsə ölkə əhalisinin böyük bir hissəsini təşkil edi Artıq üçüncü ildir ki, İşğaldan azad edilmiş torpaqlarımızda bayram tonqalları yanır. Bu əziz gündə, bu qələbəni bizə yaşadan, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sayğı ilə anır və onlara Allahdan rəhmət diləyirəm. İnanıram ki, Bahar Bayramını işğaldan azad edilmiş ərazilərdə yenidən qurulmuş şəhər və kəndlərimizdə qeyd edəcəyimiz gün də çox uzaqda deyil. Əziz həmvətənlər! Sizi bir daha Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”.

Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik. Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır. Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir. Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Prezident icra başçısını işdən çıxardı

Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

TDT-nin Ankara Bəyannaməsində Azərbaycanın Tehrandakı səfirliyinə hücum qınanılıb

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb. Bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib. Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

Azərbaycanda bu nazir vəzifədən çıxarıldı - Yeni təyinat

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev martın 16-da Naxçıvana gedib. O, bu gün C.Cəlilovu Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivinə təqdim edəcək.

Əvəz Zeynallının işini araşdıracaq hakim məlum oldu

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi icraata verilib. Sozcu.az xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.APA