İrana hücumlarımız davam edir - Netanyahu

Prezident Tramp inanır ki, müharibənin məqsədlərinə çatmaq üçün İsrail və ABŞ ordusunun böyük nailiyyətlərindən istifadə etmək, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək imkanı var. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Bununla paralel olaraq, həm İranda, həm də Livanda hücumlarımızı davam etdiririk. Raket proqramını və nüvə proqramını metodik şəkildə dağıdırıq və Hizbullaha sərt zərbələr endirməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik. Hər hansı bir razılaşmada həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu bildirib.

Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar

ABŞ Dövlət Departamenti ölkənin bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini dərhal qiymətləndirməyi və ABŞ-İsrail hərbi əməliyyatı fonunda əlavə tədbirləri nəzərdən keçirməyi əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq göstəriş "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun mümkün nəticələri" ilə bağlıdır. Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün xüsusi qruplar yaratmaq tapşırığı verib. Son həftələrdə oxşar təlimatların yalnız Yaxın Şərqdəki Amerika diplomatik nümayəndəliklərinə göndərildiyi bildirilir. İndi isə bu əmr dünyanın bütün ABŞ səfirliklərinə şamil edilib. Nəşrin vurğuladığı kimi, bu, ilk dəfədir ki, dünya üzrə bütün Amerika diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verilib.

Orbanın Putindən bircə fərqi var: raket atmır!

Viktor Orbanın Vladimir Putinlə fərqi ondadır ki, o, Ukraynaya raket atmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Moskvaya qarşı bütün sanksiyaları bloklayıb, Macarıstandan silahların tranzitinə və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olub. O, pulu, silahları, AB-yə gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin Rusiyanın hekayələrini təbliğ edir. O, Rusiya liderinin tərəfindədir. Bu gün onun etmədiyi tək şey ərazilərimizə raketlər və ya dronlarla hücum etmək və əsgərlərini göndərməməkdir”, - Zelenski bildirib.

Tramp: İrana qarşı əməliyyatın nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə danışıb. "Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Tramp deyib.

"Bu vəziyyətdə əsl qalib kimdir?” - Tusk

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatını şübhə altına alıb. Sozcu.az xəbər verir ki, Tusk bu barədə "X" hesabında paylaşım edib. O bildirib ki, Yaxın Şərqdə silahlı qarşıdurma davam edir və bölgədə xaos genişlənməkdədir. Tusk qeyd edib ki, bu vəziyyət fonunda neft qiymətləri yüksəlir. Polşa hökumətinin başçısı ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi barədə məlumatına da diqqət çəkib. “Neft qiymətləri artır. Vaşinqton Rusiya neftinə sanksiyaları aradan qaldıra bilər. Bu vəziyyətdə əsl qalib kimdir?” – deyə Tusk yazıb.

Tramp açıqladı: Ayətullah rejiminin devrilməsindən sonra...

İranda ayətullah rejiminin devrilməsindən sonra sıra Kubaya gələcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Kubada hakimiyyətin devrilməsində həlledici rol oynayacaq. O, həmçinin Venesuelanın yeni rəhbərliyinin bu prosesdə iştirakına işarə edib. "Venesuela fantastik iş görür. Onlarla münasibətlər gözəldir", - deyə o bildirib.

İran Azərbaycana niyə hücum edib? - Britaniyadan VACİB AÇIQLAMA

Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb. Britaniyalı politoloq Neil Uatson Naxçıvanın vurulmasını Modern.az-a şərh edib. Politoloq saytımıza açıqlamasında İranın Azərbaycanı qəsdən hədəf almağının ona qazanc gətirmədiyini bildirib: "Nəzərə almalıyıq ki, müharibənin ilk qurbanı həqiqətdir. Bunun İrandan, yoxsa ABŞ və müttəfiqlərinin Azərbaycanı öz tərəfinə çəkməyə çalışması olub-olmadığını dəqiq bilmirik, çünki Prezident Əliyev müharibəni və İran liderinin öldürülməsini pisləyib. İranın Azərbaycanı qəsdən hədəf almaqdan İsrail-Azərbaycan münasibətlərini və ya Trampın idarə etdiyi sülh danışıqlarını dəstəkləməməsi istisna olmaqla qazancı yoxdur. Müharibədə, həmişə olduğu kimi, hadisələrə üzdən yanaşmamalı və silahların insanların idarə etdiyi mexaniki əşyalar olduğunu və səhvlərin baş verə biləcəyini nəzərə almalıyıq". Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

AB Azərbaycanla tam həmrəydir - Kallas

Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib. Sozcu.az xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb. “İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım”, - Kallas qeyd edib. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

Pakistan bu hücumdan dərin narahatdır - Nazir

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib. Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb. Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Fransa XİN bəyanat yaydı: Naxçıvana hücum...

Fransa Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib. "Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda bildirilib. Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

"CNN": Trampın müşavirləri İran üzərində qələbənin tez bir zamanda elan edilməsində israr edirlər

Amerika lideri Donald Tramp əbədi döyüşməyə hazır olduğunu bəyan etsə də, bəzi müşavirləri ABŞ-ın uzunmüddətli müharibəyə cəlb olunmasından qorxur və onu İran üzərində qələbəni ən qısa müddətdə elan etməyə inandırmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb. Qeyd edildiyi kimi, beş günlük döyüşlərdən sonra Trampın ətrafındakıların çoxu artıq münaqişədən geri çəkilməyin zəruri olduğuna inanır. "CNN" mənbələri qeyd edib ki, Amerika administrasiyası bu məsələdə kifayət qədər ictimai dəstək əldə etməkdə çətinlik çəkir. Bundan əlavə, fond bazarı xaosa qərq olub, benzinin qiyməti artır və Amerika qoşunları arasında ölənlərin sayının artması ehtimalı var. Bu baxımdan prezidentin bəzi müşavirləri və yaxın müttəfiqləri onu hərbi əməliyyatların müddətini qısaltmağa və qələbəni mümkün qədər tez elan etməyə inandırmağa çalışırlar. Trampın müşavirlərindən biri "CNN"ə bildirib: "Bu, siyasi riskdir. Ümid edək ki, həqiqətən pis bir şey baş verməz, çünki baş verərsə, problemlər yaranacaq".

MEDİA jurnalistlərə çağırış etdi

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır. İnformasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib. Sozcu.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib. Açıqlamada qeyd edilib ki, media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. “Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq”, - deyə MEDİA-nın açıqlamasında vurğulanıb.