Xankəndinə gedən azərbaycanlı: "Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb"

"İllər sonra Xankəndi şəhərinə getdiyimə görə çox sevinirəm. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb".

Bunu "Report"a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının təcili tibbi yardım avtomobilinin sürücüsü Elşən İsmayılov deyib.

Əslən Şuşa şəhərindən olduğunu söyləyən sürücü sonuncu dəfə uşaq yaşlarında Xankəndi şəhərində olduğunu bildirib:

"İllər sonra doğma ərazilərimizə getdim və qürur hissi keçirdim. Xankəndidə dəyişiklik hiss etmədim. Uşaq vaxtı necə görmüşdümsə, şəhər elə də qalıb".

E.İsmayılov ermənilərə tibbi yardım göstərmələri ilə bağlı təəssüratlarını da bölüşüb:

"Aprelin 4-ü axşam saatlarında bizə çağırış gəldi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə ermənilərin halı pisləşib. İlkin müdaxilədən sonra onları təcili tibbi yardım maşını ilə Xankəndinə apardıq. Yolda bizi postda saxladılar, ermənilər əvvəlcə təşvişə düşdü. Sonra Rusiya sülhməramlıları onlara yaxınlaşıb vəziyyəti izah etdi".

Share on Facebook