Vaqif Xaçatryanın dəstəsi qayınatanın evimin altında diri diri yandırdı.
News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Əli Behbudov deyib. O bildirib ki, Aramis, Armais, Vaqif və qardaşı Qürgen Meşəli kəndinə hücum edən dəstəyə başçılıq edib: "Həmin adamlar evimizi yandırdı, maşınımı güllələdi. Mikrafonla çıxırdılar ki, kənddən çıxın. Yolumuz Badara kəndindən keçirdi. Yolumuzu kəsdilər, bizi qoymadılar o yoldan istifadə edək. Bizə həm dostluq, həm düşmənçilik edirdilər. Əvvəlcə onlar özlərini bizim evin adamı kimi hesab edirdi, gəlib gedirdilər, sonradan qənim kəsildilər. İndi burda məhkəmə qarşısındadır deyə, boynuna almır. Mən də onun yerinə olsam, boynuma almaram".
Zərərçəkmiş bildirib ki, hadisədən bir həftə əvvəl azərbaycanlıların silahlarını yığıblar.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.