Vaqif Xaçatryan toyuna dəvət etdiyi azərbaycanlıları da öldürüb – FOTO

Azərbaycan vətəndaşlarına qarşı amansız cinayətlər, qətllər və işgəncələr törədən Vaqif Xaçatryan kimdir?

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, Vaqif Xaçatryan 28 oktyabr 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində (Badara kəndi faciənin tördildiyi Meşəli kəndinə qonşu kənd olub, 4 km məsafədə yerləşir – red.) anadan olub, həmin kənddə yaşayıb, evlidir ve üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub.

Meşəli faciəsi haqqında

Meşəli Xocalı rayonun ərazisində yerləşən kəndlərdən biridir. 23 dekabr 1991-ci ildə Meşəli kəndinə qonşu olan Badara kəndinin erməni sakinləri və digər ermənilər silahlı birləşmələr yaradaraq kəndə hücum ediblər. Vaqif Xaçatryanın da üzv olduğu cinayətkar dəstə Meşəlidə 25 nəfər azərbaycanlını amansızlıqla öldürüb, 14 nəfərə xəsarət yetirib.

Törətdiyi cinayət əməllərinə görə Vaqif Xaçatryan barəsində cinayət işi başlanılıb və 2013-cü ildə Nərimanov məhkəməsində onun həbs olunması ilə bağlı qərar çıxarılıb. Bundan sonra isə beynəlxalq axtarışa verilib. 2023-cü ilin iyulun 7-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Artıq Vaqif Xaçatryanın 3 məhkəmə iclası baş tutub. İclaslar ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanır. 68 yaşlı Vaqif Xaçatryan isə 32 il əvvəlki kimi soyuqqanlı və artistdir. Məhkəmədə V. Xaçatryan ittiham aktında göstərilənlər üzrə də özünü təqsirli bilmədi və Meşəliyə hücumda iştirak etmədiyini iddia etdi.

“O çörək səni tutar”

Zərərçəkmiş Şahin Kazımov məhkəməyə ifadəsində deyir:

“Vaqif Xaçatryanı şəxsən tanıyıram, o və qardaşı Qurgen dəfələrlə evimizdə qonaq olublar, çörəyimizi kəsiblər. Vaqif Xaçatryanın yaşadığı Badara kəndindən çox şəxsi tanıyırdım, tez-tez bizə gəliblər, əlaqələrimiz yaxşı idi. Onların bizə hücum edəcəyini qətiyyən gözləmirdik. Qardaşım Ramil Kazımov kəndimizdən xəstəni təcili yardım maşını ilə aparırdı, bu zaman Vaqifin dəstəsi onlara pusqu qurub atəşə tutmuşdular.

Qeyd edək ki, Kazımovların atası İbrahim Kazımov Vaqif Xaçatryanın qardaşı Qurgen ilə kirvə olublar.

Digər zərərçəkmiş Məhəmməd Zeynalov:

“Ermənilərin yaşadığı Badara kəndində çox olmuşam. Onlarla münasibətimiz çox yaxşı idi, bizə hücum edəcəklərini düşünmürdük. Onlar Meşəli kəndini tam mühasirəyə alıb, bizi tamamilə qırmaq istəyirdilər. Sadəcə kəndi tam mühasirəyə ala bilmədilər deyə biz çıxa bildik. Evlərə bir-bir od vururdular. Novruz kişi vardı, onun bütün ailəsini qətl etdilər. Əgər Laçın istiqamətində biz qaça bilməsəydik, bizim hamımızı öldürəcəkdilər. Sonradan meyitləri götürəndə çoxsunun yandırıldığını, qadınların sinələrinin kəsildiyini gördük”.

Bir çox məqamlarda Vaqif Xaçatryan zərərçəkmişləri tanıyıb, lakin onlara hücum edib qətlə yetirdiyini etiraf etməyib.

f69686450c9e314445a50c90007ec445.jpg

Vaqif Xaçatryan: “Mən Meşəli sakinlərini öz toyuma dəvət etmişəm, onlar üçün ayrıca stol açmışam. Mən onlara necə güllə ata bilərdim”.

Vaqif Xaçatryanın bu ifadəsi zərərçəkmişlərin ciddi etirazına səbəb oldu.

1857c6f44be1f2fcdbf2e1fbb247354a.jpg

Zərərçəkmiş Nemət Kazımov: “Vaqifin dəstəsi kəndə hücum edib atamı şəhid etdilər, xalam Nübar Qasımovanı ayağından yaralamışdılar. O yaralı halında dedi ki, Vaqifin dəstəsi bizi qırdı. Kəndi tam mühasirəyə ala bilməmişdilər, Laçın istiqamətində yol açıq idi və biz canımızı xilas edə bildik”.

Vaqif Xaçatryan isə zərərçəkmişlərin hər dəfə onu günahlandırması fonunda peşmanlıq keçirmək əvəzinə, daha çox çıxış yolu axtararaq özünü yazıq və günhasız göstərməyə çalışır.

Azərbaycanlıların evində çörək kəsib, onlarla yoldaşlıq edib, sonra isə onlara divan tutan şəxs necə olmalıdırsa Vaqif Xaçaturyan da özünü elə göstərir.

Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov Xaçatryanın törətdiyi əməlləri dilə gətirib: “Sən nə alçaq adamsan”.

Meşəli kəndində ən böyük divan tutulan azərbaycanlılardan biri isə Novruz kişi olub. Bütün zərərçəkmiş şəxslər ifadələrində onun adını çəkirlər. Meşəli sakini Novruz kişi ovçu olub. O Meşəli kəndinin seçilən sakinlərindən olub, ermənilər ondan çəkiniblər. Hücum zamanı da 50-dən çox erməni Novruz kişinin evini müsahirəyə alaraq atəşə tutublar, daha sonra isə evi yandırıblar. Onun ailəsindən heç kim sağ qalmayıb.

Novruzov Novruz Məhərrəm oğlunun öldürülən ailə üzvləri:

1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızı,

1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızı,

1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızı,

1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlu

Share on Facebook