Uşaqlar evdən niyə qaçır? - “Onun üçün artıq sığınacaq deyil, boğucu divarlardır”

Yeniyetmələrin itkin düşməsi və ya evdən qaçması hallarına dair xəbər lentlərində hər həftə məlumatlar görünür. Bir çoxları bu davranışın səbəbini valideynlərin münasibətlərində, ailədaxili konfliktlərdə axtarır. Digərləri mobil telefon, onlayn oyun  və filmlərin uşaqların psixologiyasına təsirini ön plana çəkir.

Psixoloq Zeynəb Əyyubova “Yeni Sabah”a açıqlamısında bunu sadəcə bir sosial hadisə deyil, həm də ailə və psixoloji sistemdəki dərin çatların göstəricisi sayır.

"Uşaqlar nə zaman evdən qaçır? Bu heç vaxt bircə səbəbdən qaynaqlanan hadisə olmur. Oxşar davranışlar çox zaman uzun müddət yığılan emosional boşluğun, anlaşılmamağın və bəzən də zorakılığın nəticəsidir. Uşaq evdə özünü eşidilməmiş, dəyərsiz, sıxılmış və ya təhlükədə hiss etdikdə, təbii ki, həmin mühiti tərk etməyə çalışır. Onun üçün ev artıq sığınacaq deyil, boğucu divarlardır.

Əlbəttə, əsas səbəblərdən biri ailədaxili münasibətlərdir. Valideyn-uşaq arasında yaxın emosional bağın olmaması, uşağın fikirlərinə, hisslərinə hörmət edilməməsi, tənqid və təzyiqlərin çoxluğu uşağı evdən uzaqlaşdırır. Bəzən valideynlər uşağı sözəbaxan etmək üçün sərt metodlara üstünlük verirlər. Halbuki uşaqların duyğularını, ehtiyaclarını anlamaq və onları bir fərd kimi qəbul etmək vacibdir”.

Z.Əyyubova qeyd edib ki, bu günün uşaqları virtual aləmdə özlərinə yeni “dünyalar” qururlar:

“Onlayn oyunlar, sosial şəbəkələr və izlədikləri filmlər onlara başqa həyat tərzlərinin, sərbəstliyin, sərgüzəştlərin mümkün olduğunu göstərir. Reallıqda tapa bilmədiklərini bu platformalarda gördükdə, o dünyaya daha çox bağlanırlar. Bu da onları evdəki reallıqdan uzaqlaşdırır.

Amma bütün günahı texnologiyaya atmaq ədalətli deyil. Uşağın nə üçün virtual aləmə meyil göstərdiyini anlamadan bu problem həll olunmaz. Uşaq texnologiyaya qaçırsa, deməli real həyatda onun qaça biləcəyi bir narahatlıq var. Oyunlar və sosial media sadəcə vasitədir. Əsas səbəb yenə də emosional ehtiyacların ödənilməməsidir.

Nəticə olaraq, uşaqlar evdən qaçmır. Onlar sadəcə sığınacaq, anlaşılmaq, azad nəfəs almaq üçün özünə yer axtarır. Valideynlər öz uşaqları ilə güclü və açıq münasibət qurmağı, onları dinləməyi, sevgi və şəfqətlə yanaşmağı öyrənməlidirlər. Uşağa sərbəstlik vermək, amma bu sərbəstliyi məsuliyyətlə müşayiət etmək çox önəmlidir.

Yeniyetmənin ən çox ehtiyac duyduğu şey anlayış, dəstək və qəbul edilməkdir. Bunlar yoxdursa, uşaq harada olursa-olsun, orada qalmaq istəməyəcək. Təhlükəsizlik hissi ailədən başlamalıdır. Əgər evdə yoxdursa, uşaq onu başqa yerdə axtaracaq”.

Share on Facebook