Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında Peyman Gülvani adlı məhklum öldürülüb.
Bu barədə onun ailəsi insan haqları müdafiəçilərinə danışıblar.
Məlumatda bildirilir ki, təcridxanada işgəncə edilən 24 yaşlı məhkumun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb və bir neçə saat sonra ailəsinə onun ölüm xəbəri verilib.
Ölmədən öncə Peyman Gilvanini xəstəxanada bir neçə dəqiqəliyinə görən ailəsi onun çarpayıya qandallandığını və bədənində müxtəlif işgəncə izləri və yaralar olduğunu bildirirlər.
"Təhlükəsizlik məmurları məhkumun ailəsinə onun hündürlükdən yıxılaraq öldüyü barədə sənədə qol çəkmələri üçün təzyiq göstərirlər.
Peyman Gilvaninin meyiti Urmiya morqunda saxlanılır və prokurorluq rəyində onun ölümünü şübhəli adlandırıb",- insan haqları müdafiəçilərinin verdiyi məlumatda qeyd edilib.
Bir neçə gün öncə Urmunun təhlükəsizlik təcridxanasında Musa İsmaili adlı başqa bir məhkumda işgəncə altında öldürülmüşdü.
Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər.
Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.
“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.
Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər həbsxanasının "payına düşür".