Ukrayna qüvvələri əks-hücum əməliyyatı çərçivəsində cənub sektorunda irəliləyiş əldə edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hərbi rəsmiləri məlumat yayıb.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Telegram" kanalında bildirib ki, qoşunlar bir neçə istiqamətdə irəliləmək üçün aktiv tədbirlər görür.
"Praktiki olaraq bölmələrimizin cənubda hücum etdiyi bütün sektorlarda taktiki uğurları qeydə alıblar", - Malyar bildirib və əlavə edib ki, Ukrayna hərbçiləri yavaş-yavaş, hazırda hər istiqamətdə 2 km-ə qədər irəliləyirlər.
Ukrayna quru qoşunlarına rəhbərlik edən general-polkovnik Aleksandr Sırski ölkənin şərqdəki vəziyyəti gərgin olaraq xarakterizə edib, Rusiya Baxmuta artilleriya və aviasiya toplayıb.
"Biz ayrı-ayrı istiqamətlərdə, dominant yüksəklikləri və meşə zolaqlarını tutaraq, düşməni tədricən Baxmutun kənarından sıxışdırıb çıxarmaq məqsədi ilə hücum hərəkətlərini davam etdiririk. Bunu anlayan düşmən bölmələri ümidsiz müqavimət göstərdilər", - Sırski "Telegram"da bildirib.
Kiyev rəsmilərinin sözlərinə görə, Ukrayna ordusu əks-hücum əməliyyatında cəmi bir həftə ərzində təxminən 100 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib.
Cənubi Tavriya sektorunda Ukrayna qoşunlarının komandanı, briqada generalı Aleksandr Tarnavskyi bildirib ki, sektorda son 24 saat ərzində 36 döyüş əməliyyatı və 578 hücum olub.
Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı əks-hücum zamanı azad edilən ərazilərin önəmindən danışıb. “Hər bir əsgər, atdığımız hər yeni addım, düşməndən azad edilmiş Ukrayna torpağının hər metri böyük əhəmiyyət kəsb edir”, - deyə o qeyd edib.
Rusiya isə Ukraynanın əks-hücumun nəticələrini şərh etməyib və son 24 saat ərzində Kiyev qüvvələrinə böyük itkilər verdiyini bildirib.