“Sərhəddəki “humanitar yardım” şousunu Paşinyan hökuməti təşkil etməyib... Çünki...”

“Ermənistan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır...”

“Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...”

Bu fikri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Ermənistanla sərhədimizdə artıq iki həftədən çoxdur ki, davam edən Qarabağ ermənilərinə “humanitar yardım” şousuna Rusiya-Qərb, ABŞ qarşıdurması kontekstindən baxsaq, nə görərik?” sualını cavablandırarkən dilə gətirib.

“İlk günlərdə bu yardım şousunun arxasında kimin dayandığı, hansı təşəbbüslərin göründüyü aydın deyildi. Amma elə avqustun 8-də də istər Qarabağ erməniləri, istərsə də Ermənistandakı şərti olaraq “miatsum” tərəfdarlarının təşkil etdiyi aksiyalar, səsləndirilən hədə-qorxular, Laçın dəhlizinə, Şuşaya və ümumiyyətlə, Azərbaycana doğru yürüş cəhdləri, o cümlədən də Paşinyan hökumətinin tabeliyində olan güc strukturunun, polisin belə aksiyaların qarşısını alması göstərdi ki, elə həmin şounun arxasında da Rusiya dayanır”- siyasi şərhçi belə deyib. 

Analitik  açıqlamasında ABŞ-ın və bəzi Avropa ölkələrinin “humanitar yardım” şousu ilə bağlı Azərbaycanın tənqid edən bəyanatlar verməsinin səbəbini də izah edib.

“Təbii ki, Qərb ölkələri həmin “humanitar yardım” şousu ilə bağlı müəyyən bəyanatlar verdilər, humanitar böhranı aradan qaldırmaq haqqında Azərbaycana müraciət etdilər, hətta tənqid də etdilər. Görünür, bu da səbəbsiz deyildi, səbəb də ondan ibarət idi ki, tərəfləri, bax, bu tipli aksiyalardan çəkinməyə məcbur etsinlər, yaxud sövq etsinlər və ya bunu tövsiyə etsinlər. Amma hər halda avqustun 8-də Ermənistanda baş verənlər, həmin bu humanitar yardım deyilən aksiya ilə, ona dəstək həyata keçirilməsi ilə bağlı Azərbaycana doğru yürüşlər etməyin kimi  təşəbbüsü olduğu açıq-aydın göstərdi. Əgər Ermənistan hökuməti o “humanitar yardım” şousuna dəstək aksiyasının, bununla bağlı Laçın sərhəd postuna doğru yürüş cəhdinin qarşısını alırsa, bu da açıq-aydın göstərir ki, bəhs edilən şou Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin təşkil etdiyi bir təxribat deyil. Ermənistan hökumətinin isə Azərbaycanla sülh, Qarabağ məsələsində partnyorları Qərb ölkələridir, Rusiya deyil. Deməli, Rusiya hər iki tərəfdən və hətta deyərdim, üç tərəfdən vəziyyəti qarışdırmağa çalışır. Yəni Ermənistandan, Azərbaycanın daxilindən və Azərbaycan ərazisində yerləşən erməni icması vasitəsi ilə...”- ekspert belə deyib.

“Təsadüfi deyildi ki, son günlər Araik Arutyunyanın da ritorikası kəskinləşdi. O, Paşinyanı ittiham etməyə başladı. Düzdü, bu ilk dəfə deyil. Ancaq hər bir halda görünən budur ki, Kreml artıq total bir hücuma keçib. Və Rusiya XİN-in MDB departamentinin rəhbərinin “Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcək və hətta yeni münaqişələr üçün zəmin yarada biləcək” deməsi heç də sadəcə sözlər deyilmiş, bunun arxasında artıq konkret fəaliyyət dayanır və ya görünür”- deyə Ərəstun Oruclu vurğulayıb.

Share on Facebook