Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır- "Bu, Mənim doğru yolumdur, onu tutub gedin..."

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159).

Uca Allah dində parçalanmağı və ona aparan amilləri pisləmişdir. Quran və səhih hədislərdə bunun şər bir əməl olması, bunu edənin aqibətinin pis olacağı, sahibinin dünyada rüsvay olacağı, axirətdə isə alçalacağı və üzü qara olacağı barədə bir çox dəlillər vardır. Uca Allah buyurur:

“Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!”– deyiləcəkdir. Üzləri ağ olan kəslər isə Allahın mərhəməti altında olacaq və orada əbədi qalacaqlar” (Ali İmran, 105-107).

İbn Abbas demişdir: “Toplum şəklində Peyğəmbərin yolu ilə gedənlərin üzü ağ, bidət və parçalanma əhlinin üzü isə qara olacaqdır.”

Uca Allah həmçinin buyurur:

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra Allah onlara etdikləri əməllər barədə xəbər verəcəkdir” (əl-Ənam, 159).

Bu ayələr dində parçalanmağın müsəlmanlar üçün həm bu dünyada, həm də axirətdə təhlükəli olmasına dəlalət edir. Əvvəlki ümmətlərin həlak olmalarının başlıca səbəbi onların təfriqəyə varması, xüsusən də nazil olunmuş kitablar barəsində ixtilaf etmələri olmuşdur. Hüzeyfə ibn Yəmən xəlifə Osman ibn Əfvana demişdir: “Bu ümmətin dadına çat ki, öncəki ümmətlər kimi kitabları barəsində ixtilaf etməsinlər.” O da görəndə ki, Şam və İraq əhli Quranın hərfləri barəsində Peyğəmbərin qadağan etdiyi ixtilafı edirlər, bunu deməyə vadar olmuşdu. Bundan da iki fayda meydana çıxmış olur:

Birincisi: Bu cür məsələlərdə ixtilaf etməyin haram olması.

İkincisi: Əvvəlkilərdən ibrət götürmək və onlara bənzəməmək. Uca Allah buyurur:

“Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” (əl-Bəqərə, 176).

O həmçinin buyurur:

“Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər” (Ali İmran, 19).

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim sizlərə əmr etmədiklərimi etməyin. Şübhəsiz ki, sizlərdən əvvəlkilər çox sual verdikləri, peyğəmbərlərinə müxalif olduqları üçün həlak oldular. Sizə qadağan etdiyim şeylərdən çəkinin, əmr etdiyim şeyləri isə bacardığınız qədər yerinə yetirin.” (Səhih əl-Buxari, 7288). Bu hədisdə Peyğəmbər qövmünə, demədiyi şeylərdən çəkinməyi əmr etmiş, əvvəlki ümmətlərin həlak olma səbəbini aydınlaşdıraraq bunun çox sual vermək və peyğəmbərlərə müxalif olmaları olduğunu bildirmişdir. Uca Allah buyurur:

“Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa” (Hud, 118-119).

İxtilaf və parçalanmaqdan yaxa qurtarmağın yolu...

Salamatlığa qovuşmağın yolu Allahın kitabıdır. O kitab ki, ona heç bir batil toxuna bilməz və o, hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur. Həmçinin Peyğəmbərin yolunu tutub getməkdir. O peyğəmbər ki, özündən danışmır və onun bütün danışdıqları bir vəhydir. Quran və Peyğəmbərin səhih hədisləri İslamın yeganə və əvəzolunmaz iki qaynağıdır. Bundan başqa bütün yollar zəlalətə aparır. Peyğəmbərin yoluna sarılmaq möminlərin yolu və Rəbbimizin razılığına nail olmağın yoludur. Məhz bu yolla Uca Allah bu ümməti bidətçilərin batil əməllərindən qoruyur. İslamın ilk dönəmlərində məhz bu yolun sayəsində insanlar islah olunmuşdular. Bunsuz həmin vəziyyətə qayıtmaq qeyri-mümkündür. Böyük İslam alimi İmam Malik demişdir: “Ümmətin əvvəli nəyin sayəsində düzəlmişdirsə, sonu da onunla düzələcək.” Ümmətin əvvəli Qurana və Peyğəmbərin yoluna tabe olmaqla düzəlmişdir. Odur ki, hər bir müsəlman Peyğəmbərin və onun səhabələrinin izlədiyi yola yönəlməlidir. Uca Allah buyurur: 

“Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (əl-Ənam, 153).

Uca Allahdan ümmətimizi Allahın kitabına, Peyğəmbərinin və onun səhabələrinin yoluna tabe olmağa müvəffəq etməsini diləyirik...Zikr.az

Share on Facebook