Sabit tarif: evdə yaşamasan da işıq və qaza pul ödəyəcəksən!

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov və energetika nazirinin müavini Samir Vəliyev deyiblər ki, ölkədə qaz və elektrik enerjisində sabit tarif tədbiq olunacaq. Yəni, Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər, bu yanaşma təbii qaz təhcizatına da aid ediləcək.

Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Məntiq belədir ki, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır.

Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz.

Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında zatən iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk.

İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su-işıq-qaz təbii inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq-qaz-su olmayanda, şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi? Məsələn, mən şəhərin mərkəzinə çox yaxın, Bayılın girəcəyində yaşayıram, dünən 8 saat qaz olmayıb – buna görə mənim qarşımda nə məsuliyyətləri yaranıb?! Məsuliyyət təktərəfli olmur axı ki, tək vətəndaşın çiyninə yüklənsin, bəs şirkətlərin məsuliyyəti hardadı?!

Üçüncüsü, bunların “məntiqinə” görə, məsələn, metronun iki- üç-dörd çıxışı var, həm də yeraltı keçiddir, sən metroya minmədən yeraltı keçiddən keçsən, infrastruktura görə pul ödəməlisən. Və ya, özəl sektor, məsələn, investisiya qoyur, infrastruktur yaradır, mağaza tikir – bunların “məntiqinə” görə, dükana girib, heç nə almadan çıxan vətəndaş qapıda kassaya 1-2 manat ödəməlidir. Bəs necə, bu iş adamı da mağazanı qapımızın ağzına qədər gətirib, infrastruktur qurub axı – elə deyil?!

Yəni, belə dünyagörüşü, belə məntiqlə ölkəni idarə etmək istəyən məmurlar, belə bir sistem var, bu təkliflərin əsl səbəbi isə odur ki, büdcə daxilolmaları, neft gəlirləri azalır-azalacaq, bunun fonunda islahatlara getməkdənsə, hökumət büdcədən subsidiyaları kəsib, həmin vəsaiti vətəndaşa yükləyərək, bizim vasitəmiz isə öz təbii inhisarşılarına pul vermək istəyir”.

Share on Facebook