Sabah buraxılış imtahanıdır: Abituriyentlər nələrə diqqət etməli?..

Sabah və martın 12-də 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Abituriyentlər uğur qazanmaq üşün necə davranmalı, hansı qaydalara düzgün riayət etməlidirlər? 

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenisabah.az-a açıqlamasında tələbə olmaq istəyən abituriyentlərin ən çox diqqət etməli olduğu məqamlara toxunub: 

“Abituriyent dövrü yüksək psixoloji həssaslıq mərhələsi hesab olunur. Burada əsas məsələ hazırlıq zamanınən düzgün bölüşdürülməsi, məqsədə doğru düzgün fokuslanma və hədəflər paketini dolğun müəyyənləşdirməkdir. Abiturient öncə bilməlidir ki, universitet hər kəsin dediyi kimi həyata əhəmiyyətli bir məsələ yox, sadəcə, əmək bazarına uyğun kadr hazırlamalı olan müəssisədir. Abirutiyent özünü əmək bacarığının tələblərinə necə cavab verəcəyi barəsində düşünməli və istəklərinin bacarıqları ilə nə dərəcədə adekvat olduğunu müəyyən etməlidir. Hazırlıq prosesi hədəfin sağlam müəyyən olduğu zaman daha effektli keçir".

Tədqiqatçı vurğulayıb ki, abituriyent özü-özünün ən yaxşı konsultantı olmalıdır. Bilməlidir ki, bir abituriyentin ən böyük səhvi hər kəsin nə düşündüyünə önəm verməsi və özünü ətrafın görmək istədiyi bir obraza çevirməsidir: "Valideyn basqısı, qohum-qonşu gözləntisi həssas mərhələdən keçən və həssas yaş qrupuna aid bir gənc üçün əlavə basqıdır. Bu, onun nəticələrinə birbaşa təsir göstərir. Uğur qazanmaq istəyən abituriyent öncə özünü bu basqıdan xilas etməlidir”. 

“Əmək bazarının tələbini incələmək abituriyenti gələcəyə daha motivasiyalı, daha məqsədli edə bilər. O, özünü tapdığı ixtisasın ardınca getmək və həmin ixtisası cəmiyyətə necə təqdim etmək barəsində düşünməlidir. Bu zaman özünü saysız “test məmləkətindən” xilas edib daha praktiki bir fərd kimi hiss edə bilər”,-deyə, təhsil tədqiqatçısı əlavə edib. 

Elmin Nuri sabah buraxılış imtahanı verəcək abituriyentləri diqqətli olmaöa səsləyib. Qeyd edib ki, hHər bir abituriyentin psixoloji hazırlığı 3 məhlədən keçir: imtahan öncəsi, imtahan prosesi zamanı və imtahandan sonrakı: "Valideynlər isə övladlarının ancaq imtahan prosesi zamanı psixoloj hazırlığından narahatlıq keçirirlər. Bu, tamamilə yanlışdır. Yalnız imtahan öncəki mərhələdə şagirdin psixoloji hazırlığı çox şeyi həll edir. 

Lakin reallıqla barışmalıyıq. Bu gün heç bir valideyn, yaxud, müəllim abituriyenti psixoloji baxımdan hazırlamır. Hər kəs imtahan prosesi zamanı bunun vacib olduğunu qeyd edir. Odur ki, biz də sabahkı buraxılış imtahan prosesi zamanı riayət olunmalı bir neçə psixoloji detalı qeyd edək: abituriyent imtahan prosesi başladığı ilk dəqiqələrdə tamamilə sakitliyi ələ almalı, hətta bir dəqiqəlik göz məşqi, gözlərini yummaqla özünü sanki hər şeydən təcrid etməlidir. İnanın, sabah az qala, hər bir abituriyent imtahana xüsusi basqı altında daxil olacaq. Özündən xəbərsiz, şüuraltı olaraq, “valideynlərim görəsən, indi nə düşünür?”, “zəif cavablasam, onlara nə deyəcəyəm?!”, “onlar bəs buna necə reaksiya verəcəklər?!”, “bəs, qonşuda mənimlə bir hazırlaşan sinif yoldaşımın anası bizə gəlib nə soruşacaq?” - bəlkə də sizə qəribə gəlir, amma əmin olun ki, hər 10 abituriyentdən 8-i imtahana məhz bu suallarla birlikdə daxil olur. Bu suallar onun elə ilk düşmənidir, ondan ayrılmayan uğursuzluq rəqibidir. Bir dəqiqəlik gözünü yumub hər şeyi və hər kəsi unutmaq və toplanılan bilik bazası ilə sual kitabçasına baxmaq lazımdır. Şagird yalnız bu zaman fokuslana, diqqətin cəmləyə bilər. 

İkincisi, “Sual kitabçaları”na və “Buraxılış vərəqələri”nə məhz onun yolunu çoxdandır ki, gözləyən və onu uğura səsləyn bir dost kimi baxsınlar. Kabus kimi yox! “Sual kitabçaları”ndakı hər bir suala tranpilin kimi baxan şagird daxilən daha rahat və sərbəst olar. Beyin məsələlərin həllinə daha yaxşı köklənər.

Çox zaman imtahan prosesi zamanı xüsusi vərəqələri dolduran zaman texniki səhvə yol verilir. Bunların hamısı elə imtahanın yaratdığı şok effektidir. Şagird sabahkı buraxılış imtahanında vərəqələrə sakit şəkildə, dostyana toxunmalı və onu dolduran zaman suallar barədə, “Sual kitabçası” barədə düşünməməlidir. 

 Üçüncüsü, ilk olaraq, asan suallar cavablandırılmalıdır. Onlara verilən hər düzgün cavab şagirddə narahatlıq və gərginliyi daha da azaldacaq. Üstəlik yaddaşın yolunu açacaq və beynin iş mexanizminin daha yaxşı çalışmasına səbəb olacaq. 

Hər fənn üzrə suallar cavablandıqdan sonra 1 dəqiqəlik dincəlmək və bu qısa zaman kəsimində nəfəs məşqləri etmək lazımdır. Bir neçə dəfə dərindən nəfəs alıb-buraxmaq, beyin və göz əzələlərini gərginlikdən azad edəndən sonra növbəti fənnə aid suallara keçmək lazımdır". 

Share on Facebook