Rusiyadan Azərbaycana TƏLƏ - Xəritə planı İFŞA OLUNDU

Azərbaycan və Ermənistan arasında sərhədlərin 1975-ci ilin xəritələri əsasında müəyyən edilməsi təklifinin Rusiyadan gəldiyi məlum olub. Ötən gün mətbuata açıqlama verən Ermənistan parlamentinin deputatı Sergey Baqratyanın sözlərinə görə, 1975-ci il xəritələrinin gündəmə gətirilməsi Ermənistanın yox, Rusiyanın təşəbbüsüdür və irəli sürülən təklif ABŞ tərəfindən dəstəklənib.

“1975-ci ilin xəritələrinin rəhbər tutulması təklifi Rusiya tərəfdən gəlib. Bu, Amerika və Ermənistan tərəfi üçün məqbuldur, lakin Azərbaycan qəbul etmir", - erməni deputat vurğulayıb.

Azərbaycanın qəbul etmədiyi xəritələrin Rusiya tərəfindən təklif olunması ortaya bir sıra suallar doğurur. Məsələn, Moskva niyə məhz 1975-ci il xəritəsini irəli sürüb? Qonşu Rusiya belə bir addım atmaqla nə əldə etmək istəyir? 

Mövzunu Modern.az-a şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin eksperti Fuad Çıraqov deyir ki, Rusiya tərəflər arasında sülhün olmasını istəmir. Əsas məsələ məhz budur.

"Açığı, hər hansı xəritənin seçilməsi fundamental məsələ deyil. Çünki demarkasiya və delimitasiyadan əvvəl daha önəmli məsələlər var. Bunlar ilk növbədə Azərbaycan ərazisində hələ də mövcud olan silahlıların çıxarılması, Ermənistanın daxili işimizə qarışmamasıdır. Görünən odur ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyil",- deyə ekspert bildirib. 

F.Çırağov vurğulayıb ki, Amerika isə daha çox Ermənistanın maraqlarını qoruyur: "Rusiya əsas iki istiqamətdə prosesə mane olmaq istəyir. Bunlardan birincisi Qarabağ ermənilərinin Azərbaycanla təmasda olmasının qarşısını almaq istəməsidir. Vardanyan layihəsi də bunun üçün edilmişdi. Digər məsələ isə demarkasiya və delimitasiya ilə bağlıdır. Hansı xəritənin seçiləcəyi texniki detallardır. Bu məsələnin uzun illər davam etməsi mümkündür. ABŞ-ın 1975-ci ilin xəritəsi ilə razılaşması isə bəzi məsələlərdən xəbərdar olmadığından irəli gələ bilər. Həmçinin, Ermənistanın maraqlarını daha yaxşı qoruduğu üçün həmin xəritəni məqbul saya bilər. Çünki bu proseslərdə Amerikanın Ermənistanı qorumağa çalışdığının şahidi olmuşuq. Onu da qeyd edim ki, danışıqlar apararaq ABŞ-ın mövqeyini dəyişmək olar". 

Siyasi şərhçi Yeganə Hacıyeva da hesab edir ki, Rusiya sülh müqaviləsinin imzalanmasından narahatdır.

"Azərbaycan və Ermənistan arasında danışıqların intensivləşməsi bir çox qüvvələri ciddi narahat edir. 44 günlük müharibədən sonra Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cənubi Qafqazdakı mövqeyləri zəifləyib. Əslində Rusiya danışıqlar formatının çoxalmasından yox, ancaq sülh müqaviləsinin imzalanmasından narahatdır. Məsələn, Rusiya Fransa və Almaniyanın danışıqlarda iştirak etməsinə müsbət yanaşır",- o qeyd edib. 

Y.Hacıyeva düşünür ki, Rusiyanın 1975-ci ilin xəritəsini təklif etməsi sülh danışıqlarını yubatmaq istəyindən irəli gəlir:

"Rusiyanın 1975-ci ilin xəritəsi ilə demarkasiya və delimitasiya işlərinin aparılması təklifi sülh danışıqlarına maneə törətmək istəyinin təcəssümüdür. Yəni Rusiya bununla mövcud vəziyyətin qorunub saxlanılmasını istəyir. Baqratyanın ABŞ-ın bu təklifi qəbul etməsi ilə bağlı fikri isə dezinformasiyadan ibarətdir. Çünki Amerikanın proseslərdə hansı ilin xəritəsinin doğru olub-olmaması ilə bağlı real təsəvvürü yoxdur. ABŞ hazırkı mərhələdə Azərbaycan tərəfinin təklifləri ilə razıdır. Çünki ABŞ Azərbaycan və Ermənistan arasında ikili görüş keçirilməsinin tərəfdarıdır".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq. Paşinyan hesab edir ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Belə ki, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır.

“İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır. Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu mühüm haldır. Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”,  - erməni baş nazir söyləyib.

Share on Facebook