"Qarabağ"ın futbolçusu: "Hədəfimiz Çempionlar Liqasında qrupa vəsiqə qazanmaq olmalıdır"

"Qarabağ" Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün qalibi olub.

Bu, "köhlən atlar"ın tarixində 10-cu çempionluğudur.

Ağdam təmsilçisinin futbolçusu Bəhlul Mustafazadə mükafatlandırma mərasimindən sonra fikirlərini bölüşüb.

26 yaşlı müdafiəçi "Report"a müsahibəsində UEFA Çempionlar Liqasındakı hədəflərindən də bəhs edib.

- Növbəti dəfə Premyer Liqada qalib oldunuz. Təəssüratlarınız necədir?

- Bu, mənim ikinci çempionluğumdur. Belə qələbələr məsuliyyətimizi daha da artırır. Növbəti ildə ən azı eyni nəticəni təkrarlamağa çalışacağıq. Çox ağır mövsüm keçirdiyimizi düşünürəm. Hər üç cəbhədə mübarizə apardıq. Məncə, avrokuboklarda çox yaxşı təsir bağışladıq. Qarşıdakı mövsümdə bunu davam etdirmək istəyirik.

- Qısa müddətdən sonra avrokuboklarda yeni mövsüm başlayacaq. Qarşınıza UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşmək hədəfi qoyulubmu?

- Bu turnirdə oynayırıqsa, minimum hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaq olmalıdır. Amma rəhbərlikdən komandaya bu barədə hər hansı söz deyilməyib. Lakin biz futbolçular olaraq maksimum nəticə qazanmağa çalışacağıq.

- Ramil Şeydayev, Filip Ozobiç kimi futbolçular "Qarabağ"ı tərk edir. Sizcə, onların yerini doldurmaq mümkün olacaq?

- Hər ikisi uzun müddət burada çıxış ediblər. Sözsüz ki, onların yoxluğu hiss ediləcək. Amma "Qarabağ" elə bir komandadır ki, burada əsas olan sistemdir. Klub tarixində bu kimi hallar dəfələrlə təkrarlanıb. Kimlərsə gedib, digər oyunçular gəliblər və heç də pis təsir bağışlamayıblar. Yeni belə olacağını düşünürəm.

- Öz çıxışınız barədə nə deyə bilərsiniz? Artıq sizi "Qarabağ"ın əsas müdafiəçisi hesab etmək olarmı?

- Əlbəttə ki, xeyr. Bura elə bir klubdur ki, konkret olaraq nəsə demək çox çətindir. Üzərimə düşən hər oyunda yaxşı performans göstərmək və öz üzərimdə çalışmaqdır.

- Son olaraq milli komanda haqqında danışmağınızı istərdik. İyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində Estoniyanı qəbul edəcəksiniz. İlk iki məğlubiyyətdən sonra bu görüşdə nəyə ümid etmək olar?

- Rəqibi doğma meydanda məğlub edə bilərik. Yığmanın tərkibində olmadığımız üçün Estoniya seçməsini analiz etməmişik. Məncə, bu qarşılaşmada əsas məqsədimiz qalib gəlmək olacaq.

Share on Facebook