Qafqazda müsəlman qadınlar

Qafqazda müsəlman qadınları cəhalət dənizində boğulmaqdadır. Ümumiyyətlə elm yox, maarifə həvəs yox, millətə xidmət heç yox. İşləri xalça toxumaq, corab hörmək, paltar tikmək, aşbazlıq, qulluqçuluq və yaxud işsiz-gücsüz yaşamaqdır. Evladlarını tərbiyə edə bilməzlər, işləri çığırmaq, bağırmaq, qarğış, söyüşdür. Nizam-intizam nədir bilməzlər, nəzakət nədir onuda bilməzlər, nəzafət(təmizlik) onu heç bilməzlər. Qafqazlı müsəlman qadınların bildikləri qızıl zinətlər, qumaş paltarlardı. Ayaqyalın gəzərlər, rütubətli, qaranlıq yerdə oturarlar. Buna görə xəstə olarlar. Bir çoxları baş ağrısına, bəziləri romatizmə düçar olarlar. Əcayib-qərayib bəlalara rast gəlirlər, qorxunc yaralar çıxarırlar. Gəncikən həyatları boşa gedər. Yeyib-içmək üsulunu bilməzlər, buna görə bənizləri saralmış, qaralmış halda olar, bəd rəng halına düşərlər.

Yazıqların məişət və həyatları fəna olduğu halda bunlarına halına baxan yox, çarə axtaran yox. Bunların əhvalına hərkəsdən əvvəl özləri arasında yetişmiş nüfuzlu, məlumatlı, maarifli xanımlar qalmalıdır. Heyhat !... Belələrini tapmaq ikinci müşkül bir məsələdir. Bizdə elə xanımlar yoxda deyil. Rusca bildikləri halda öz dillərində yazmaq, oxumaq dursun, hətta elələri var ki, danışmağı bilməzlər. Adları da bütün əcnəbi adlar kimi. Bunlardan bir neçəsi Bakıdadır: Təbibə Batırşinadır ki, Bakıya gəldikdən sonra müsəlmanlar "Bahadır şahzadə" demişlər. Biri daha vardır ki, həqiqi adı olan Kəbə deyilməyə razı deyilmiş. Ana Tamara demək lazım gəlirmiş. Bir neçəsini də bilirəm ki, müəllimdirlər türkçə bilmirlər, müslimədir müsəlmanca bilmirlər. Bilmək də istəməzlər. 

 Öz aralarında söhbət edərkən rusca danışırlar. Türkçəyə rəğbət etmək istəmirlər, istəsə idilər bilərdilər, öyrənərdilər. Məramın əlindən bir şey qurtulmaq... İnsan hər istədiyinə nail ola bilər. "İstəyirəm, amma vaxtım yoxdur" boş sözlərdi.

Hərgah bizim ziyalı, maarifli xanımlarımız bizim əhvalımıza yansa idilər, əvvəlcə öz ana dillərini öyrənməyə, oxuyub-yazmağa səy göstərərdilər. Ondan sonra bütün növ yaxşılıqları görə bilərdik. Yoxsa bu hal üzrə həm analar, həmdə bizlər davam edərsək qorxuram sonumuz fənadır. İşlər belə gedərsə bir tərəfdən millətimizin mədəni və maarifli olmasına bizim cahil, qafil, tərbiyəsiz bacılarımız maniyə olacaqlar, digər tərəfdən də maarifli xanımlarımız bu gün ki, halətləri, məişətləri, millət və şəriətə etinatsızlıqları, uzaqdan baxan atalarıda qız evladlarını məktəblərə verməməyə, tərbiyəli və maarifli analar yetişdirməməyə vadar edəcəkdir. O zaman vay halımıza...

Aləmi Nisvan jurnalı 1906, Say 4, səh: 49-50

Təqdim etdi: Ceyhun Nəbi

Share on Facebook