"Putinin özü Ukrayna vətəndaşlarına qarşı soyqırıma başçılıq edir, amma riyakarcasına Qəzzada humanitar fəlakətdən dəm vurur..."
"İsrail və Ukrayna hazırda azad dünyanın Rusiya və İranın başçılıq etdiyi şər oxuna qarşı mübarizənin ön sırasındadır..."
Rusiya və İsrail liderləri arasında baş tutan telefon söhbəti "demokratik ölkə başçısı ilə bütün dünya üçün açıq-aydın və hissediləcək dərəcədə təhlükə törədən ilanın başı ilə söhbətidir".
Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi bəyan edib. Məlumatı "detaly.co.il" nəşri yayıb.
Bəyanatda İsrailə Moskvaya qarşı müharibədə Kiyevin müttəfiqi olmağa çağırış edilib
"İsrail və Ukrayna hazırda azad dünyanın Rusiya və İranın başçılıq etdiyi şər oxuna qarşı mübarizəsinim ön sırasındadır", - bəyanatda deyilir.
Qeyd edilir ki, Putinin Qəzza bölgəsində humanitar fəlakət haqqında sözləri riyalarlıqdır, çünki "Putinin özü Ukrayna vətəndaşlarına qarşı soyqırıma başçılıq edir".
Bəyanatda İsrail hökumətinə bu terrorçu ittifaqla birlikdə mübarizə aparmaq üçün Ukrayna ilə daha fəal əməkdaşlığa çağırış edilir.
Xəbər verildiyi kimi, bu günlər İsrailin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Telefon söhbəti Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Netanyahu Rusiya rəsmi şəxslərinin BMT və digər beynəlxalq forumlarda İsrail əleyhinə mövqeləri ilə bağlı narazılığını ifadə edib.
Baş nazir həmçinin "Rusiya ilə İran arasında təhlükəli əməkdaşlığı" sərt şəkildə tənqid edib.
Söhbət zamanı Netanyahu vurğulayıb ki, oxşar terror hücumuna məruz qalan istənilən ölkə İsraildən də güclü cavab verərdi.
Öz növbəsində Vladimir Putin terrorçuluğun bütün təzahürlərinin yolverilməz olduğu və pislənilməsi barədə prinsipial mövqeyini təsdiq edib.
Bununla yanaşı, o, vurğulayıb ki, terror təhlükələrinə müqavimətin mülki əhali üçün bu qədər ağır nəticələrə gətirib çıxarmaması son dərəcə vacibdir.
Rusiya tərəfi dinc sakinlərin əzablarının yumşaldılması və münaqişənin deeskalasiyası məqsədilə bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bəyan edib.