Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Xural-TV İnternet resursunun rəhbəri Əvəz Zeynallı və Səda TV YouTube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.
O, məhkəmədən Zeynallının Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilinməsini və 10 il həbs cəzasına məhkum edilməsini istəyib.
Eyni zamanda prokuror Cinayət Məcəlləsinin 312-ci (rüşvətə təhrik) maddəsini Zeynallının üzərindən götürüb.
Prokuror Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını təklif edib.
Növbəti məhkəmə iclası yanvarın 26-na təyin edilib.
Vəkil Aqil Layıc jurnalistlərə bildirib ki, Zeynallı “rüşvət almaq” maddəsilə cəzalandırıla bilməz, çünki o, vəzifəli şəxslərin hərəkətlərinə aiddir, Zeynallı isə belə şəxslərdən deyil.
* Ötən il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV saytının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib. İstintaq məlumatına görə, Zeynallı həbs olunan sahibkar Rasim Məmmədovu gözdən salan məlumatlar dərc etməmək üçün onun ailəsindən pul alıb və buna Sadıqov vasitəçilik edib.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb və onun işini ayrı icraata götürüb.
Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.