“Pomidorun qiyməti 80 qəpik olmalıdır...” - Bahalaşmanı kim yaradır?

“Hazırda mövsüm məhsulları alça, çiyələk, xiyar, pomidordur. Yalnız alça, təzə kartof, soğan mövsüm məhsullarıdır. Lakin mövsüm məhsullarında müəyyən qədər ucuzlaşma gedir. Amma kənd təsərrüfatı məhsullarının kütləvi şəkildə yetişməyə başlamasına hələ 1 aydan çox vaxt var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli deyib.

O, mövsüm məhsulllarındakı ucuzlaşmanın bu il müşahidə olunmamasının səbəblərindən söz açıb:

“Məsələn, xiyar çöl şəraitində mayın sonunda yetişə bilər. Yaxud digər meyvələr - ərik, gilas, albalı və s. açıq şəkildə kütləvi şəraitdə yetişir. O zaman ucuzlaşma müşahidə olunacaq. Yəni mövsüm məhsulları kütləvi şəkildə bazara çıxdıqca, onların qiyməti ucuzlaşacaq. Amma bu ucuzlaşma heç də keçənilki formada olmayacaq. Biz bazara diqqət yetirsək, görərik ki, heç nə keçənilki qiymətlər kimi deyil. Yəni qiymətlər hazırda keçən ilə nisbətən 2 dəfə bahadır. Elə məhsullar var ki, 50%, eləsi də var ki, 100% bahalaşıb”. 

İqtisadçıya görə, bazardakı məhsul nomenklaturasının qiymətləri ötən ilə nisbətən bahalaşdığına görə, bu il kənd təsərrüfatı məhsulları keçənilki səviyyəyə qədər ucuzlaşmayacaq:

“Məsələn, ötən il qarpızın kilosunu 30 qəpiyə alırdıqsa, bu il bu qiymətin olacağına inanmıram, hətta ən azı 50-60 qəpiyə alacağıq. Yəni bütün qiymətlər bahalaşıb deyə, kənd təsərrüfatı məhsullarının ötən ilə nisbətən bahalaşması təbii haldır. 

Lakin mövsüm məhsullarının kütləvi yetişməsinə hələ var. Ona görə də hazırda hələ ki ciddi bir ucuzlaşma müşahidə etmirik. İstixanalar da ötən illərə nisbətən indi daha çox inhisarlaşıb. Onun üçün də istixana məhsulları nə qədər bol olsa da, bir əldə cəmləşib deyə qiymət diktə edir”. 

“Məsələn, 1 həftə bundan əvvəl bazarda pomidorun qiyməti 5 manata qədər bahalaşmışdı. Həmin vaxt öyrəndim ki, Rusiyanın şəhərlərində Azərbaycan pomidoru 2 manatdır. Yəni biz Azərbaycan pomidorunu Sankt-Peterburqda 2 manata sata biliriksə, Azərbaycanda bunu 80 qəpik-1 manata sata bilərik. Sadəcə daxildəki istixanalar inhisarlaşdığına görə bazara qiymət diktə edir”, - o, yekunlaşdırıb.

Share on Facebook