Pensiya yaşının azaldılması gündəmdə deyil - Komitə sədri

“Pensiya yaşının azaldılması bu gün gündəmdə deyildir və yəqin ki, gələcək də də aktual olmayacaq. Dünyada hələ bir ölkə yoxdur ki, göstərəsiniz, pensiya yaşı azaldılsın”.

Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O, pensiya yaşının artırılacağını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur:

“Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda orta ömür 2021-ci ildə bir qədər azaldı. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Nəticələr orta ömür uzunluğuna öz təsirini göstərdi", - Musa Quliyev vurğulayıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır.

"2040, bəlkə də 2045-ci  ildə bizim orta ömür 80 yaşa gəlib çatacaqdır. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən - 2027-ci ilədək 65-ə çatdırılacaq.

Share on Facebook