Paşinyanın həyatına sui-qəsd ola bilər - İrəvan qarışır

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötəngünkü mətbuat konfransı bir sıra maraqlı məqamlarla yadda qalıb. 

Belə ki, erməni nazirin Qarabağla bağlı konkret mövqe sərgiləməsi, habelə Azərbaycanın 86.6 kv.km. ərazi bütövlüyü daxilinə Qarabağı da daxil etməsi ona qarşı hücumlara rəvac verib. 

Hökumət başçısını bu çıxışından sonra onu "Vətən xaini", "satqın" adlandıranların sırası daha da genişlənib. Hətta separatçı rejimin “parlamenti” ötən gün “bəyanat” yayaraq, Baş nazirin bu açıqlamasını qəbul etməyəcəklərini açıqlayıb.

27 oktyabr 1997-ci il Ermənistan parlamentinə hücum faktını nəzərə alsaq, Paşinyan bugünkü reallıqda ona qarşı olan hücumları, habelə təzyiqləri dəf edə bilərmi? Onun kompromisə getməyi hakimiyyətini laxlada bilərmi? Baş nazirin həyatı üçün təhlükə varmı? 

Yenisabah.az-ın suallarını cavablayan politoloq Elşən Manafov söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın belə açıqlama ilə çıxış edəcəyi gözlənilirdi: 

“Çünki Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutmuş məlum görüşdən sonra ittifaqın prezidenti Şarl Mişel bəyan etdi ki, danışıqlarda əldə edilmiş ciddi uğur ondan ibarətdir ki, Ermənistan Azərbaycanın 86.6 kv.km, Azərbaycan isə Ermənistanın 29.800 kv.km-ə malik olması ilə bağlı ərazi bütövlüyünü tanıyıb. Bu açıqlamadan sonra Paşinyanın belə bir bəyanat verəcəyi gözlənilən idi”. 

“O ki qaldı Paşinyana yönəlmiş hücumlara, aydın məsələdir ki, bu hücumlar erməni müxalifəti tərəfindən istiqamətləndirilir. Erməni müxalifətinin bu məsələdəki mövqeyi onun daha çox konyunktura maraqlarından irəli gəlir. Bəllidir ki, Paşinyan Azərbaycan-Ermənistan müharibəsinin Ermənistan üçün doğurmuş olduğu reallıqlardan çıxış edərək belə bir mövqe sərgiləyir. Ona görə də erməni müxalifətinin bu bəyanatı populizmdən başqa bir şey deyil”, - o, əlavə edib. 

Analitik fikrincə, müxalifətin bu bəyanatının arxasında geosiyasi sifarişin olması da istisna deyil:

“Çünki həmin müxalifət daha çox Rusiyaya bağlılığı ilə seçilir. Əslində, bu bəyanatların arxasında Ermənistanda Qərb və Rusiya maraqlarının toqquşması ilə bağlı məqamları görmək lazımdır. Yəni burada konyunktur ilə yanaşı geosiyasi qarşıdurmanın yaratmış 0lduğu reallıqları nəzərə almaq lazımdır”. 

Baş nazirin həyatında təhlükə yaradacaq sui-qəsdin olub-olmayacağı məsələsinə gəldikdə müsahibimiz qeyd edib ki, bu bəyanatı verən dövlət başçısı, yəqin ki, bunun doğura biləcəyi reallıqları da nəzərə alar:

“Təbii ki, Baş nazirin mühafizəsi də müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydın məsələdir ki, heç kəs heç nədən sığortalanmayıb, lakin belə bir bəyanatdan sonra Paşinyanın həyatına Ermənistandakı millətçi dairələrin təmsilçiləri tərəfindən sui-qəsd də ola bilər. Nəzərə alsaq ki, Ermənistan terror və sui-qəsdin həyata keçirilməsində xüsusi təcrübəyə malikdir, -  xüsusilə də millətçilər və “Daşnaksütyun” Partiyası – o zaman bu da istisna edilə bilməz”. 

Share on Facebook