Xəbər verdiyimiz kimi, müəllimlərin sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ikinci günü başa çatıb. İmtahanda iştirak edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva yüksək nəticə əldə edib.
Zaqatala rayonunun Aşağı Tala kəndindəki 3 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyən Südabə Qazıyeva 67 dəqiqədə 59 bal toplayıb.
İmtahanla bağlı təəssüratlarını Modern.az-la bölüşən şəhid anası yüksək bal toplayacağına əminliyini ifadə edib.
“İmtahan yaxşı keçdi. Heç bir problemim olmadı. Mən diaqnostikada da yaxşı bal yığmışdım. Sınaqda da iştirak etmişdim. Ona görə sertifikasiyada yüksək bal gözləyirdim. Aşağı bal toplamayacığımdan əmin idim”,- o deyib.
Südabə Qazıyeva imtahan üçün xüsusi hazırlıq keçmədiyini qeyd edib:
"Sözün açığı, mən imtahana elə də hazırlaşmırdım. Çünki buna heç ehtiyac yoxdur. Sınaqlarda iştirak etmişəm. Biliyimə əminəm, özümə güvənirəm. Sadəcə "Youtube" kanallarında kurikulumla bağlı videolara baxırdım. İmtahan prosesi çox yaxşı keçdi. Həyəcanlanmadım”.
Müsahibə mərhələsindən gözləntilərinə gəlincə, şəhid anası deyib: “Mənim məktəbdə işlərim çoxdur. Hazırda həmin işlərlə maraqlanıram. Müsahibə mərhələsində də uğur qazanacağımı düşünürəm".
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.