Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva "Rusiya sülhməramlı kontingentinin" Dağlıq Qarabağda qalma müddətinin uzadılmasının Bakı ilə müzakirəsini davam etdirəcək.
O, bunu belə əsaslandırıb ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yoxdur, Moskva da bölgədəki kommunikasiyaların açılmasında maraqlıdır.
"Məsələnin müzakirəsi əlbəttə çətindir, çünki söhbət Azərbaycanın ərazisindən gedir, amma Moskva Dağlıq Qarabağa köməyini davam etdirməkdə maraqlıdır. Həm də kommunikasiyaların açılması hər 3 ölkənin maraqlarına uyğundur", deyə Peskov bildirib.
Hansı "Dağlıq Qarabağa" və ümumiyyətlə "Dağlıq Qarabağ" dedikdə Rusiya hakimiyyətinin nəyi və kimi nəzərdə tutduğunu Peskov dəqiqləşdirməyib.
Beləliklə, ən pis gözləntilər özünü doğrultmağa başlayır və bu, artıq hansısa siyasi ekspertlərin deyil, Rusiya prezidentinin mətbuat katibinin dilindən səsləndirilir.
Bizim üçün ən pis gözlənti də Rusiyanın Qarabağın Dağlıq hissəsində hərbi bazasını yerləşdirmək istəyidir. Çünki bu, Azərbaycanın əbədi olaraq Rusiya diqtəsi altında qalması demək olardı.
Odur ki, indi bütün gücümüzü Rusiya hərbi kontingentinin ən geci 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılmasına yönəltməliyik. Buna daha tez nail olmaq bizim üçün daha əlverişlidir.
Ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazası və ya kontingenti olmamalıdır. Ona görə ki, bu, həm Azərbaycan Respublikasının qanunlarına ziddir, həm də ölkənin suverenliyinin məhdudlaşdırılması deməkdir.
Ərəstun Oruclu, politoloq