31 mayda sosial şəbəkədə Azərbaycan Cümhuriyyətinin qurucu simalarından, 2 hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin şəhid edilməsi günü kimi paylaşımlara rast gəlirəm. Bildiyimiz kimi Nəsib bəyin harda, necə, hansı şəraitdə öldürülməsi müəmmalı olaraq qalır. Sual doğurur məkan, baş vermə şəraiti müəmmalı olan qətl hadisəsinin baş vermə tarixini kim müəyyən edib ?
Nəsib bəyin şəhid edildiyi yer haqqında müxtəlif versiyalar var və demək olar ki, hamsı ehtimallar üzərindən yanaşmalardır. Nəsib bəydən ən son məlumatı həyat yoldaşı Şəfiqə xanım Qaspıralı Kürdəmirdən məktub vasitəsi ilə alıb və sonra heç bir xəbər çıxmayıb. 1920-ci ilin may ayının əvvəllərində Şəfiqə xanıma verdiyi xəbər olub. Şəfiqə xanım Nəsib bəyin ona xəbər verməsi haqqında qeyd edir :
“1920-ci ilin may ayının ilk günlərində təbdili geyimdə ata minərək, qərarlaşdırılan səmtə doğru yollanan Nəsib 3-5 gün sonra Kürdəmir ətrafında kayıplara qarışdı. Kürdəmirdən kiçik bir xəbər aldım. Gətirən məndən, məndə gətirəndən qorxaraq məlumatı aldım. Sağ-salamat Kürdəmirə gəlişini müjdələyir və Kürü keçməyi gözlədiyini yazırdı. Bir daha nə bir səs, nə bir nəfəs...”
Bu səbəbdəndir ki, mühacirətdə Nəsib bəyin oğlu Niyazi Yusifbəyli atasının şəhid olduğu yer kimi "Kürdəmir" adını soyad götürüb. Müəmmalı qətl hadisəsinin tarix kimi 31 may göstərilməsi hansı mənbədən qaynaqlandığı və kim tərəfindən ilk səsləndiyinə rastlamamışam. Nəsib bəyin ölümünün sifarişçisi, təşkilatçısı, icraçılarına gəldikdə bu bolşeviklərdən başqası deyildi.
Azərbaycan Cümhuriyyəti Qızıl Ordu tərəfindən işğal edilməmişdən öncə milli hökümət təmsilçilərinin Azərbaycan ərazisində zərərsizləşdirmək göstərişi verilmişdi. Belə ki, 21 aprel 1920-ci il tarixində gecə saat 03:30-da Petrovskdan Qafqaz ordusunun komandanı Tuxaçeviskinin, Hərbi İnqlab Şurasının üzvü Orconikidzenin və Baş Qərargah rəisi Zaxarovun 11-ci Qızıl Ordunun komandanlığına göndərdikləri teleqramda Bakı ələ keçirilən zaman bir sıra tədbirlərin həyata keçirilməsinin zəruriliyi tapşırılırdı. Teleqramda göstərilirdi: “Bakı işğal edilən zaman Azərbaycanın indi ki, hökümət üzvülərinin tutulması mütləq zəruridir. Onun Yelizavetpola qaçacağını qabaqlayaraq, onu dəmiryolunun Kürdəmir stansiyasına qədər tutmaq zəruridir” - qeyd olunurdu.
Nəriman Nərimanov 16 iyul 1919-cu il tarixli Həştərxandan Azərbaycan Cümhuriyyəti baş naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubda onu hədələyərək qeyd edirdi - “Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsız, müdhiş saat yaxınlaşır”.
Bolşeviklərin məhkəməsi qətl, terror, sui-qəsd idi. Öldürdükləri sayısız adamlardan biridə müəmmalı şəkildə qətlə yetirilmiş Nəsib bəy Yusifbəyli idi.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri