“Təhsil naziri Emin Əmrullayevin 500-dən çox müəllimin 2 min manat maaş alması ilə bağlı söylədiyi fikirlər doğrudur. Lakin hazırda ölkənin 4.432 orta ümumtəhsil məktəbində 150 min müəllim var. 150 min müəllimdən 500 nəfərin 2 min manat, 1,500 nəfərdən çoxunun isə 1,500-2,000 manat əməkhaqqı alması çox aşağı bir göstəricidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O, 2 min manat maaş alan müəllimlərin hansı kriteriyalar daxilində bu pulu qazandıqlarından söz açıb.
K.Əsədov xatırladıb ki, Azərbaycan dövləti tərəfindən müəllimlərin əməkhaqqı mütəmadi artırılır:
“Bu gün 18 saat dərs deyən müəllimin əməkhaqqı əvvəl 495 manat edirdisə, hazırda 600 manata yaxındır. Bunlar o müəllimlərdir ki, onların 36 saat dərsi var, 18 ildən artıq dərs deyirlər və onlar sertifikasiyadan keçmiş ibtidai sinif müəllimləridir. Amma bu gün ölkə müəllimlərinin 140 minə qədərinin əməkhaqqı kifayət qədər aşağıdır”.
Mütəxəssis söyləyib ki, Azərbaycan müəlliminin aldığı əməkhaqqı onu idarə edənlərdən azdır:
“Məsələn, biz bunu Elm və Təhsil Nazirliyinin işçilərinin əməkhaqqıları ilə müqayisə etsək, fərqi görərik. Yaxud bu gün 2,500 manat əməkhaqqı alan məktəb direktorları var. Çünki şagird sayı 2,500-dən çox olanda onlara əlavə əməkhaqqı verilir. Bu gün müəllimlərin əməkhaqqı gördükləri işin müqabilində kifayət qədər azdır. Biz 500 müəllimdən danışırıq, bəs digərlərinin məvacibi nə qədərdir?”
Müsahibimiz iddia edib ki, hazırda 600-dən çox müəllimin əməkhaqqı 100 manatdan aşağıdır:
“Yəni nazirin söylədiklərinin tam əksini də iddia etmək olar. Bu gün 100 manat və ondan daha aşağı maaş alan müəllimlər var. Nazir niyə 100 manat maaş alan müəllimlərdən danışmır? Azərbaycan müəllimi hazırda ən yaxşı imtiyazlara və təminatlara malik olmalıdır. Çünki Azərbaycanın təhsil sistemi müəllimlərin çiyinləri üstündədir, nəinki təhsili idarə edənlər. Heç bir ölkənin təhsil səviyyəsi müəllimin səviyyəsindən artıq deyil. Təhsili idarə edənlər peşəkar ola, xaricdə nüfuzlu ali məktəblər qurtara bilərlər, amma təhsilin göstərici onlardan yox, müəllimdən asılıdır”.
Ekspert onu da vurğulayıb ki, müəllimlərin əməkhaqları onların stajlarına və dərs saatlarına uyğundur:
“Lakin gələcəkdə onların sertifikasiyadan topladığı ballar həm onlara dərs saatlarının verilməsinə, həmçinin də əməkhaqlarının artımına təsir göstərəcək. Məsələn, bu gün 2 min manat əməkhaqqı alan müəllim sertifikasiyadan keçib, 51 baldan çox bal toplayıbsa, nəticədə də əməkhaqqına 35% əlavə olunub. Yaxud həmin şəxsin 18-36 saat dərsi var, 18 ildən çox stajı var və o, 51 baldan çox bal toplayıb ki, onun da əməkhaqqı ona görə çoxdur. Ola bilsin ki, həmin müəllim 5 ildən sonra nəticələri zəif olsa, həmin əməkhaqqını belə ala bilməyəcək”.