Müsavat Partiyasının Qurultayı yaxın zamanlarda keçiriləcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq növbəti qurultay keçirilməlidir.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
G. Aslanlı bildirib ki, partiyanın ötən məclisində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və rayon təşkilatlarının nümayəndəlikləri seçildikdən sonra Qurultayın vaxtı haqqında Müsavat Partiyanın Məclisi, yaxud Divanı qərar verə bilər.
Müsavat funksioneri partiyanın hazırkı başqanı Arif Hacılının növbəti qurultayda yenidən başqanlığa namizədliyini irəli sürmək hüququnun olmadığını qeyd edib:
“Nizamnaməyə uyğun olaraq Arif Hacılı artıq üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Amma kimlərin namizəd ola biləcəyi haqqında indidən fikri söyləmək xeyli çətindir, lakin Arif Hacılıdan başqa Müsavat Partiyasının istənilən üzvünün yeni qurultayda öz namizədliyini irəli sürmək hüququ var”.
G. Aslanlı İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizəd olacağı haqda xəbərləri şərh edərək bildirib ki, kimin namizəd olacağını indidən söyləmək mümkün deyil: “Rayon təşkilatlarında yığıncaqlar keçirildikdən sonra qurultay olacaq. Partiya üzvlərinə vaxt verilir ki, onlar öz namizədlərini irəli sürə bilsinlər. Onda artıq kimlərin namizəd olacağını deyə bilərik”.
Xatırladaq ki, mediada gedən məlumatlara görə, 28 sentyabr 2014-cü ildən partiyaya rəhbərlik edən Arif Hacılının sədr vəzifəsindən getməsindən sonra Müsavatın başına yenidən İsa Qəmbərin keçəcəyi iddia olunur. Müsavat liderinin aktiv siyasətə qayıdacağı ilə bağlı son zamanlar bir sıra siqnallar da partiya rəsmiləri tərəfindən verilib.