“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!”

“İndi təqaüdə çıxanların yığdığı kapitala baxın. Sən hansı işçidən soruşsan ki, təqaüd yaşın azalsın? Deyəcək ki, azaltmayın, məni təqaüdə çıxartmayın. İnsanlar təqaüdə həvəssiz gedirlər. Çünki maaşları azdır və pensiya kapitalı lazımi qədər deyil”.

Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

O vurğulayıb ki, təqaüdə çıxan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır: Dördpendirli pizza

“Qərb ölkələrində insanlar pensiyaya çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə pensiyaya çıxırlar.

Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların pensiyası nə qədərdir? Mən şəxsən 2006-cı ildən pensiyaya çıxmışam və bun qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin pensiyaya çıxanda mənə 250 manat pul verdilər.

İlk öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı pensiya yaşından danışır. Tutaq ki, qadınların pensiya yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşasın? Qızına, oğluna möhtac olsun?!

Hüquq müdafiəşisi olarq cəhd edirik ki, təqaüdçülərlə bağı bu istiqamətdə qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar.

Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşmir. Azərbaycanad yaş davası yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm”.

Keçmiş deputat Vahid Əhmədov isə vurğulayıb ki, son illər bir çox insan ümumiyyətlə pensiya yaşına çatmadan vəfat edir:

“Bu Milli Məclisdə illərlə müzakirə olunan məsələlərdən biridir. Pensiya yaşı mövzusu hər zaman parlamentdə müzakirə edilib. İstər hökumətin hesabatı olanda, istərsə də DSMF-nin hesabatı olanda bu məsələyə toxunulub. Hökumət bunu belə əlaqələndirir ki, Azərbaycanda yaşama müddəti uzun olduğu üçün pensiya yaşı da yüksək olmalıdır. Onlar faktiki olaraq pensiyadan sonrakı həyat müddətini 12 il qəbul edirlər. Amma son vaxtlar orta ömür həddi kifayət qədər aşağıdır. Bir çox insan heç pensiya almamış dünyasını dəyişir.

Mən dəfələrlə yaş həddinə baxılması ilə bağlı təkliflər olub. Digər millət vəkilləri tərəfindən bu kimi təkliflər indi də səsləndirilir. Yaş həddi qadınlar üçün də, kişilər üçün də yüksəkdir. O vaxt təklif etmişdik ki, kişilər üçün 63, qadınlar üçün isə 60 yaş saxlanılsın. Amma təəssüf ki, bu baş tutmadı.

Bir çox ölkələrdə qadınlar üçün pensiya yaşı hətta 60-dan da aşağıdır. Bu problem üzərində mütəmadi işləməyə ehtiyac var. Məncə, dünyada gedən proseslər və yüksək qiymət artımları Azərbaycana təsir edir. Bu baxımdan, pensiya ilə bağlı yaş həddi məsələsini gündəmdə saxlamağa ehtiyac var”.

Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Share on Facebook