Son günlər orta məktəblərdə baş verən hadisələr barədə yayılan xəbərlər heç də ürəkaçan deyil. Artıq bir neçə məktəbdə tüğyan edən şiddət olayları ilə bağlı sosial şəbəkələrdə müxtəlif foto və məlumatlar paylaşılır. Ancaq şagirdlərin kimin hücumuna məruz qaldığı hələlik məlum deyil. Hər bir halda bu hallar bütün ictimaiyyəti, əsas da valideynləri dərindən narahat edir.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəbdə yaşanan şiddət halları ilə bağlı müəllimlərin günahlandırılması doğru deyil:
“Ölkə ərazisində 4200-dən çox tam və orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1 milyon 600 mindən çox şagird təhsil alır. İstər müəllim, istərsə də şagird yoldaşları tərəfindən hər hansı şagird şiddətə məruz qalmamalıdır. Əgər belə hal yaşanarsa, hadisənin təkrarlanmaması üçün bunu edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq şagirdlərin çoxluğu səbəbindən burada yaşanmasını istəmədiyimiz mənfi hallar mütləq olacaq. Doğrudur, heç kəs bunun tərəfdarı deyil. Bu səbəbdən sözügedən hadisələrin qarşısını almaq üçün şagirdlər, müəllim heyəti və məktəb rəhbərliyi ilə müntəzəm olaraq psixoloji davranış qaydaları, psixoloq münasibətləri və bu kimi məsələlər yerində olmalıdır.
Mənim bu məsələdə ən çox təəssüfləndiyim məqam hər kəsin birbaşa müəllimləri ittiham etməsi və hədəf göstərməsidir. Artıq müəllim nüfuzunun cəmiyyətdə o həddə endiriblər ki, hər hansı situasiyada dərhal müəllim günahlandırılır. Mən isə sözügedən mövzuda ilk günahı valideyndə görürəm. Çünki şagirdin şiddətə məruz qaldığı ilə bağlı kiçik bir ehtimal belə olsa, bu həmin an açıqlanmalı və aidiyyatı qurumlar məlumatlandırılmalıdır. Belə olduğu təqdirdə, məsələ anında araşdırılır və bu barədə müvafiq tədbirlər görülür”.
Ekspert bu kimi məsələlərdə daha bir önəmli məqama toxunub:
“Məktəblərdə baş verən son hadisələrlə bağlı müəllim və məktəb rəhbərliyi adına səsləndirilən ittihamlar öz əksini tapmadı. Ehtimal olunur ki, şiddət halları məktəblilərin arasında baş verən mübahisələrdə meydana gəlib. Bu kimi xəbərlərin tirajlanmasını vəzifə uğrunda mübarizə aparan şəxslərin kəllə-kəlləyə gəlməsi kimi qiymətləndirmək olar. Çünki bəzən olmayan bir məsələnin, yaxud təhsillə əlaqəsiz situasiyanın hədsiz dərəcədə şişirdilməsi vasitəsilə aidiyyatı qurumu və məktəb rəhbərliyini qaralamaq kampaniyası həyata keçirilir. Təbii ki, əgər məktəb rəhbərliyi və ya hər hansı bir müəllim tərəfindən şagird şiddətə məruz qalarsa, bunu dərhal hüquq-mühafizə orqanlarına bildirmək lazımdır. Ancaq şagirdlər bir-biri ilə oynayan zaman, yaxud onlar arasında mübahisə baş verəndə məktəbli xəsarət alırsa, bunu başqa cür qələmə vermək düzgün deyil. Bu halda valideynlər məktəbə dəvət olunmalı və həm onlarla, həm də şagirdlərlə bu halların yenidən yaşanmaması üçün profilaktik söhbətlər aparılmalıdır. Fəqət, belə hadisələrdə heç kəs şagirdləri öz vəzifə oyunlarına alət etməməlidir”.