Kəramət Böyükçöldən Natiq Cəfərliyə sarkazmla cavab: “Soruşdu ki, çantanda nə var? Dedim, maladır”

Yazıçı Kəramət Böyükçöl REAL Partiyasının funksioneri Natiq Cəfərliyə sarkazmla cavab verib.

Sozcu.az xəbər verir ki, K.Böyükçöl bildirib: “Hüseyn Cavid parkının böyründən yolu keçirdim. Kürəyimdə içi kitablarımla dolu qırmızı çanta vardı. PA serialı bahalı bir maşın məni görən kimi əvvəlcə sağ tərəfimdən sürtdü. Mən qorxub yolun kənarına çəkildim, ordan da parkın içinə keçdim. Maşın da qaz verib səkinin üstündən parka girdi. Mən qaçırdım, PA serialı maşın da arxamca düşmüşdü. Ağacın arxasına gizlənmək istəyəndə sürücü maşından aşağı düşüb üstümə qışqırdı. Dedim, mən sizə nə etmişəm? Nə deyirsiniz, onu da eləyirəm. Mənlə nə işiniz var? Dedi ki, sən Kəramət deyilsən? Dedim, yox. Soruşdu ki, bəs kimsən? Dedim, Natiq Cəfərli. Birdən maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşdü. Dedi, Natiq müəllim, üzr istəyirəm, sürücünü tənbeh edəcəm. Elə bilib Kəramət Böyükçölsən. Soruşdu ki, bəs çantanda nə var? Dedim, maladır. İşə gedirəm. Qalstuklu müəllim mənə uğur arzuladı, sonra da maşına oturub getdi”.

Qeyd: N.Cəfərli Bakıda tıxacda başına gələn hadisəni sosial şəbəkədə paylaşıb. O, PA seriyalı avtomobilin sürücüsü ilə yaranan mübahisəni belə nəql edib: ““6-cı paralelnidə” tıxacda zülmlə gedirik, PA serialı bahalı bir maşın vurnuxur, soldan-sağdan keçməyə çalışır, rəsmən belimə minib. Pəncərəni açıb, "qardaş, nə olsun e PA seriyalısan, minəcəksən bizi", deyə irad bildirdim. Sürücü coşdu, ağzına gələni, hətta təhdidlə nəsə deməyə başladı. Maşını söndürüb düşdüm, sürücü də endi, sonra o maşının arxa qapısı açıldı, qalstuklu müəllim düşüb, “Natiq müəllim, əsəbləşməyin, üzr istəyirəm, sürücünü tənbeh edəcəm”, dedi. Açığı, xoşuma gəldi, tanımadım kimdir, amma mədəni davranışını bəyəndim və bir anlıq düşündüm ki, həmin sürücünün əlinə səlahiyyət keçsə, hamımızı minər...”

Onun statusu müzakirələrə səbəb olub.

Share on Facebook