İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu ": Elmi konfransın materialları kitab şəklində cap olunub

Sabah Azərbaycan İlahiyyat İnstitutunda "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" kitabının təqdimat mərasimi keçiriləcək. 

Sherg.az xəbər verir ki, tədbir İnstitutun Akt Zalında saat 15:00-da baş tutacaq. 

Məlumat üçün bildirək ki, "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" adlı elmi toplu 3 iyul 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə keçirdiyi "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransın materialları əsasında hazırlanıb. Azərbaycan Cümhuriyyətinin iki dəfə baş naziri olan istiqlal fədaisi Nəsib bəy Yusifbəylinin (1881-1920) anadan olmasının 140 illiyinə həsr olunan elmi konfransda müxtəlif ali məktəblərin alimləri və müstəqil araşdırıcıların məruzələri dinlənilib. Kitabda da həmin məruzələr çap olunub. Toplunun elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlıdır. Ön sözün müəllifi isə ilahiyyat üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur. Müəllif ön sözdə vurğulayıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinləri üzərinə ciddi məsuliyyət yükü düşən görkəmli dövlət xadimlərimiz arasında Nəsib bəy Yusifbəylinin xüsusi yeri var: "Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuş Nəsib bəy Yusifbəyli vəzifə tutduğu dövrlərdə milli şüurun formalaşması, xalqın maarifləndirilməsi yolunda əvəzsiz xidmətlər göstərib. Oxucuların diqqətinə təqdim olunan toplu görkəmli dövlət və ictimai-siyasi xadimin həyat və fəaliyyətinin tədqiq olunmamış tərəflərini qismən də olsa işıqlandıracaq". 

Topluda Türk Ocaqları başqanı, professor Mehmet Özün, İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayramın Nəsib bəy Yusifbəyli barədə maraqlı çıxışları, tarixçi-alim Firdovsiyyə Əhmədovanın "İstiqlal tarixində yazılan Nəsib bəy ömrü", professor Nəsiman Yaqublunun "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Yusifbəyli ocağının varisi Rəfat Cuvarlının ""Nəsib bəy Yusifbəylinin həyat yolu", o cümlədən digər tarixçi alimlərin, araşdırmaçıların dəyərli elmi məqalələri əks olunub. Kitabda vurğulanıb ki, Nəsib bəy Yusifbəyli tutduğu bütün vəzifələrdə öz işlərinin öhdəsindən səmiyyətlə, məsuliyyətlə gəlməyə çalışıb və bu uğurda şəhadətə ucalıb.

Share on Facebook