"Dəyərli izləyicilər, İyul ayının 20 -də İsmayıllı rayonunda yerləşən Aşıqbayramlı su anbarında sadəcə gölə baxdığımız üçün bizdən 10 manat pul aldılar. Sadəcə gölə baxdığımız üçün..."
Bunu Sozcu.az saytının təsisçisi Elşən Əlisoy özünün Feysbuk səhifəsində yazıb.
"Dostlarımla birgə İsmayıllı rayonunda idik. Yol gələrkən Qaraməryəm qəsəbəsinin yaxınlığında olan Aşıqbayramlı gölünün ( su anbarı) yanından keçməli olduq. Gölün kənarında çoxlu insanlar var idi. Biz də düşüb gölün kənarında dayanıb gölə baxmaq, biraz nəfəs almaq istədik. Bu zaman gölün qapısının ağzında dayanan cavan bir oğlan bizə yaxınlaşaraq gölə yaxından baxmaq üçün girişin 2 manat olduğunu bildirdi. Biz buna etiraz etdik və bildirdik ki, biz sadəcə 5 dəqiqə dayanıb nəfəsimizi alıb gedəcəyik və su anbarının ətrafını zəbt edən adamların hansısa xidmətindən istifadə etmək fikrimiz yoxdur. Bu zaman söhbətə bir başqa adam da müdaxilə edərək bizimlə gobud danışmağa başladı. Mən qapının ağzında pul yığan həmin adamlardan çek tələb etdim. Onlar kiminləsə telefonla danışdıqdan sonra, hardansa bir terminal gətirdilər. Mən ödənişi kartla edəcəyimi bildirdikdə , mədəniyyətsiz şəkildə bizə kartla ödənişin mümkün olmadığını bildirdilər. Yanımızda olan qonaqlarımızdan biri dava-dalaş olmasın deyə "pul yığan adama" 10 manat pul verdi.
Mən həmin 10 manatın çekini tələb etdikdə, bizə bir çek verdilər. Bizə verilən çekdə ödədiyimiz 10 manat pulu nəyə görə ödədiyimizlə bağlı heçbir məlumat yoxdur.
Bundan əlavə, bizdən öncə su anbarının kənarında 50 dən çox adamın olmasına baxmayaraq, bizə verilən çekin üzərində gün ərzində vurulan cəmi 8 - ci çek olduğu qeyd edilmişdir.
Dəyərli dostlar, söhbət tək 10 manatdan getmir. Biz Vətənimizin dağlarına, çaylarına, bulaqlarına, göllərinə sadəcə baxdığımız üçün nəyə görə kiməsə pul ödəməliyik? Bu hansı qanuna uyğundur? Gostərmədikləri heçbir xidmətə görə işbazların pul alması hansı qanunda göstərilib?
YouTube kanalında Aşıqbayramlı su anbarının dövlət hesabına təbir olunması haqqında süjetə baxdım. Dövlətin büdcəsi hesabına ərsəyə gələn bir yerdə hansısa bir işbazın pul yığması hansı qanunla nizamlanıb?
Nə edək, aldığımız nəfəsə görə də kiməsə pul ödəyək?
Ümid edirəm ki, bununla bağlı bir ölçü götürüləcək".
P.S. Aşagıda təqdim etdiyimiz videodanda görünür ki, adı çəkilən su anbarı dövlətin qoruma altında olan obyektlərindən biridir və anbarın yenidən təmir olunmasında da, hansısa bir iş adamının maddi vəsaitindən yox, dövlətin büdcəsindən ayrıan vəsaitdən istifadə edilib. Demək olar ki, hər gün yüzlərlə insanın ətrafında gəzdiyi su anbarında heç bir təhlükəsizlik qaydalarına əməl edilmir.