İrana ŞOK ZƏRBƏ - İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri VURULDU

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən yerli vaxtla saat 13.30 radələrində İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyasına aid obyektə hücum etdiyini açıqlayıb.

Sozcu.az xəbər verir ki, hadisə nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasına görə, İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq ABŞ Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib.

"Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlıq qüvvələrinə Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusunun qruplaşmalarının istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək səlahiyyəti verdim. Hava zərbələri hücuma, eləcə də İİKK-ya bağlı qrupların Suriyadakı koalisiya qüvvələrinə qarşı son hücumlarına cavab olaraq həyata keçirilib” - Ostin bildirib.

ABŞ-ın hücumunun amerikalı personalı qorumaq üçün edildiyini vurğulayan nazir ölkəsinin eskalasiya riskini azaltmaq və itkiləri minimuma endirmək üçün mütənasib addımlar atdığını bildirib.

"Prezident Baydenin dediyi kimi, biz xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik, həmçinin öz seçdiyimiz yerdə və zamanda cavab verəcəyik" - ABŞ-ın müdafiə naziri qeyd edib.

Share on Facebook