“İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal – 7 və 8 aprel tarixlərində telefonla danışıblar. Bu, təbiidir. İki ölkə arasındakı münasibətlər dibin də aşağısındadır, faktiki müharibənin astanasındayıq”.
Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, bu, nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir: “Ancaq münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır: 1) Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir; 2) Deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi təsdiq olunarsa, Tehran buna aydınlıq gətirmək məcburiyyətindədir. İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsində müzakirə olunmalıdır. İki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azalacağına inam azdır.
Çünki belə telefon danışıqlar keçmiş aylarda da olub, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Çünki İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. İranda Azərbaycanla bağlı qərarları güc strukturları – İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək, nazirlərin hər telefon danışığından sonra növbəti təxribatla üzləşəcəyik və gərginlik azalmayacaq. Digər tərəfdən İran parlamenti Azərbaycan əleyhinə sənədlər qəbul edir. İran Xarici İşlər Nazirliyi parlamentlərini inandırmalıdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz. İran XİN bunu edə biləcəkmi və ya bunu etmək istəyəcəkmi? Misal üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı illərdir təkrarladıqları fikri deyib:
“Düşmənlər İran və Azərbaycan arasındakı problem və gərginlikdən faydalanırlar”. Aydındır ki, iranlı diplomat düşmənlər dedikdə İsraili və ABŞ-ı nəzərdə tutub. Yenə də eyni hava. ABŞ və İsrail Tehranın düşməni ola bilər, ancaq Azərbaycanın bu iki dövlətlə tərəfdaşlıq münasibətləri var. Tehran bunu qəbul etməyincə münasibətlərin normallaşmasından danışmaq yersizdir. Elə Ceyhun Bayramov da telefon danışığında iranlı həmkarının diqqətinə çatdırıb ki, Azərbaycan milli maraqlarına uyğun müstəqil xarici siyasət həyata keçirir. İki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var. Bu komissiyada yalnız iki ölkənin diplomatları deyil, güc strukturlarının nümayəndələri və deputatları da iştirak etməlidir. Çünki Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər. Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb, bu məsələlərə də aydınlıq gətirilməlidir, bu məsələlərin həlli İran Xarici İşlər Nazirliyinin səlahiyyəti xaricindədir.
Eyni zamanda İranın ali dini liderinin mollalarına Azərbaycan haqqında danışarkən diqqətli olmalarını tövsiyyə etməlidir. Nazirlər telefon danışığı zamanı Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə ediblər. İki ölkə arasında ortaq layihələrin icrası vacibdir. Ancaq münasibətlərdə gərginlik azalmadan, İrandakı bütün strukturlar Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyincə, təxribatlarını durdurmadıqca, ortaq iqtisadi layihələrin reallaşması çətin olacaq”.