İran onları Azərbaycana təhvil verməlidir – Tələb

“Orxan Məmmədovla Tohid İbrahimbəylinin mənə qarşı törədilən terror aktı ilə bağlı İranda həbs edildiyini söyləməkdə çətinlik çəkirəm”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Millət vəkili ötən gün İranda həbs edildiyi bildirilən “Hüseyniyyun” təşkilatının rəhbəri Tohid İbrahimbəyli ilə Orxan Məmmədovun Azərbaycana ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı səslənən suallara aydınlıq gətirib.

BQP sədri xatırladıb ki, neçə müddətdir Azərbaycan tərəfi bu insanların həbs edilib Azərbaycana ekstradisiyasını tələb edirdi:

“Çünki bu adamlar Azərbaycanda dövlət və Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı çağırışlar edirdilər. Azərbaycan da bu şəbəkənin üzvləri ilə bağlı dəfələrlə İran dövlətinə müraciət etmişdi ki, Tehran onların Bakıya təhvil verilməsini təmin etsin. Lakin bu proses qismən həyata keçirildi və 43 nəfərdən yalnız 7-si Azərbaycana verildi. Bu isə çox az sayda idi və verilən adamlar elə də əhəmiyyətli şəxslər deyildi”.

F. Mustafa vurğulayıb ki, dövlətlərarası əlaqələrdə yumşalmanın və münasibətlərin yaxşılaşdırılmasının əsas şərtlərindən biri də bu olmalıdır:

“Əgər Azərbaycan dövlətinə qarşı İranda məskunlaşan azərbaycanlılar tərəfindən belə bir qeyri-qanuni təşkilat yaradılırsa, habelə onlar bu kimi fəaliyyətlərə Azərbaycan vətəndaşlarını da cəlb etməyi planlaşdırırlarsa, İran tərəfi xoşniyyətli bir addım kimi həmin şəxslərin ekstradisiyasını təmin etməlidir.

Həmçinin, onların həbs olunub Azərbaycana göndərilməsi məsələsi İrana göndərdiyimiz sübutlarla da bağlıdır. Lakin hüquq-mühafizə və prokurorluq orqanları əllərində olan müvafiq sübutları İrana göndərib ki, bu şəxslər konkret cinayət əməllərinin törədilməsində məsuliyyət daşıyırlar. Bütün bunların hamısı təhlil olunmalı və hüquqi prosedura bu təhlildən sonra həyata keçirilməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycanda da müəyyən müddət həbs yatmış İran vətəndaşlarının geri verilməsi bağlı məsələlər zaman-zaman gerçəkləşdirilib:

“Bu isə qarşılıqlı və xoşniyyətli addımlardan asılı olacaq. Əgər İran bu addımı atarsa, bu, o deməkdir ki, İran dövləti öz daxilində Azərbaycan dövlətinə qarşı yuva salmış şəbəkənin mövcudluğunda maraqlı olmadığını göstərəcəkdir. Bu da qonşuluq münasibətlərinin yeni məcrada və daha müsbət istiqamətdə inkişafına xidmət göstərə bilər.

Amma yenə deyirəm ki, bunun mənə qarşı həyata keçirilən sui-qəsdlə əlaqəsinin olub-olmadığı ilə bağlı hər hansı bir məlumatım yoxdur. Söhbət kimlərdən gedir, heç bunu da təhlil etməmişəm. Lakin bizimlə oldu-olmadı, əgər müvafiq addımlar atılarsa, hesab edirəm ki, bu, həm müəyyən münasibətlərin yaxşılaşdırılmasına doğru getməyə imkan yaradar, həm də dövlətimizin təhlükəsizliyi, eləcə də bu şəbəkəyə uyub yanlış yolda olan insanların yenidən öz dövlətinə qarşı münasibətinin dəyişdirilməsi baxımından faydalı olar”.

“O ki qaldı yerdə qalan 36 nəfərin, yoxsa təkcə Tohid İbrahimbəyli ilə Orxan Məmmədovun Azərbaycana ekstradisiya edilməsinə, düşünürəm ki, “Hüseyniyyun”un bütün üzvləri Azərbaycana qaytarılmalıdır. Bu şəxslər də Azərbaycanda ədalətli məhkəmə mühakiməsinə cəlb olunmalıdırlar. Çünki bu, bir başa dövlətin təhlükəsizliyi ilə bağlı məsələdir. Qısası, İran Azərbaycanın hər hansı bir şəkildə yıpranmasında maraqlı olmadığını göstərmək üçün bu addımı atmalıdır. Ona görə ki, bu, bütün normal münasibətləri olan dövlətlər arasında baş verməli olan normal hüquqi bir proseduradır. Əgər bunu etsələr, bu addım münasibətlərin bir xeyli yumşalmasına gətirib çıxara bilər”, – partiya lideri fikirlərini tamamlayıb.

Share on Facebook