Hansı travmalardan qurtulmaq mümükün deyil?- psixoloq AÇIQLADI

İnsanların müxtəlif yaş dönəmlərindən qalma travmaları olur və həmin travmalar onları həyatı boyunca narahat edir və pis hiss etdirir. Bəs, belə travmalardan qurtulmağın hansı yolları var? Həmçinin, elə bir travmalar varmı ki, onu unutmaq ümumiyyətlə mümkün deyil?

Mövzu ilə bağlı Amerika Psixoloqlar Assosasiyasının üzvü, psixoloq-konsultant Şirin Məmmədli Moderator.az-a danışdı:

“Birinci növbədə, travma anlayışına nəzər yetirək. Ümumiyyətlə, travma çox geniş anlayışdır. Yəni psixiatr, psixoterapevt və ya psixoloqa müraciət edən pasiyentdən 10, ya da 20%-i uzaqbaşı bilmiş olar ki, onun həmin an düşdüyü durum hansı travması ilə əlaqədardır. Çünki travma yaşanmış bir hadisə və həmin hadisənin bizim gələcəyimizə təsiridir. Bizim gələcəyimiz bu günümüzdür, yəni bu gün verdiyimiz qərarlar gələcəyimizi inşa edir. Bir situatsiya yaşanıb və onun etkisi bizim xarakterimizdə oturubdur. Biz fərqində deyilik ki, bu insanı seçməyimizdə, hansısa qərarı verməyimizdə yaşadığımız həmin olayın təsiri var. 

Beləliklə də çox az insan hansı qərarı niyə verdiyini, hansı insanı niyə seçdiyinin fərqində olur. Fərqində olsa, bu, travma olmaz. Son dönəmdə travma anlayışını çox populyarlaşdırırlar, yəni guya hər kəs öz travmasını bilir,amma elə bir şey deyil. Travma anlayışı qətiyyən ağır və yüngül deyil, bu hər kəs üçün daim dəyişir”.

Psixoloq travmaların 2 növünü qeyd edərək bildirir ki, məruz qalmaq yolu və psixoloji, fiziki şiddət yolu ilə yaranan travmalar var:

“İki cür travma var ki, biz bunlardan qurtula bilərikmi, bilmərikmi sualının altında durur. Bunlar nədir? Biri var ki, insan açıq-aşkar şəkildə travma alır, yəni bu fiziki və ya psixoloji şiddətdir. İkinci isə məruz qalma ilə, məsələn narsist ana ilə böyüyən uşaq. Həmin insan bütün uşaqlığı boyu həmin anaya məruz qalıb. Yəni bir insanın xarakterindən və yaxud da bir situatsiyanın gedişindən alınan travmadır. Məsələn, ata-anası boşanma ərəfəsində olub və bu ərəfə çox uzun çəkib, uşaq həyatının müəyyən bir periodunda buna məruz qalıb, amma bu onun problemi deyil, yəni uşağa heç bir şiddət göstərilməyib, sadəcə uşaq yaşananları görüb, məruz qalıb. 

İki tip travmanı böldükdə düşünülənin əksinə  (təbii ki, situasiyaya görə dəyişir) birbaşa fiziki və psixoloji şiddətdən qurtulmaq daha rahatdır, nəinki daimi məruz qaldığı bir olaydan. Çünki daimi məruz qaldığı hadisə insanın xarakterinə çevrilir. Amma fiziki və psixoloji şiddət görən birinin isə təbii ki, xarakterindən yan ötüşmür, amma onu atlatması daha rahat olur. Yenə də dediyim kimi, burada situasiyaya baxılmalıdır. Amma ümumilikdə travmaları atlatmaq olarmı? Əlbəttə olar. Burada birinci növbədə travmanın harada olması seans zamanı bilinir. Yəni bir pasiyent seansa getməli, psixoterapevt və ya psixoloqa müraciət etməlidir. Bu zaman seansda biz psixokorreksiya zamanı görürük ki, bu insanın travması hardadır, hansı dönəmdədir və onun aradan qaldırılması üçün psixokorreksiya işləri görülür”.

Share on Facebook