Göyçayda 50 qəpik, Bakıda 4 manat... - “Bütün ağacları dibindən kəsəcəm”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti yenidən müzakirə mövzusu olub. Xüsusilə, mövsüm meyvələri və tərəvəzlərin bazarda baha qiymətə satılması narazılıq doğurub. Bəzi meyvələrin mövsümü başa çatsa da, qiyməti baha olduğu üçün hələ də ondan dadmayan insanlar var. 

Bəs rayonlarda vəziyyət necədir? Bakı bazarlarında “od qiyməti”nə satılan kənd təsərrüfatı məhsulları tarlada, bağda, bostanda hansı qiymətə müştərilərə təklif olunur? 

Kəndli min bir əziyyətlə yetişdirdiyi məhsuldan yetərincə qazanc götürə bilirmi? 

Yenisabah.az problemi araşdırarkən bir o qədər də xoş olmayan mənzərə ilə qarşılaşıb. Məlum olub ki, paytaxt bazarlarında, o cümlədən, Gəncə, Sumqayıt və digər böyük şəhərlərdə alıcılara xeyli baha qiymətə təklif olunan meyvə-tərəvəz heç də kəndliyə bol qazanc gətirmir. Kəndlinin min bir araya-ərsəyə gətirdiyi məhsuldan ən çox faydalanan aradakı işbazlar, dəllallar olur. 

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ötən gün Bakıda 1 kiloqramı alıcılara 4 manata təklif olunan göycə alçası Göyçay bazarında müştərilərə 50 qəpikdən təqdim olunur. Fermer S.Məmmədov Göyçayda ezamiyyətdə olan müxbirimizə deyib ki, onlar il ərzində çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər. Onun sözlərinə görə, əziyyət çəkən, tər tökən onlar olsa da, məhsulun xeyrini aradakı işbazlar görür: 

“İndi ucuz işçi qüvvəsi tapmaq çətindir. Fəhlə alçanın bir kiloqramını 30 qəpiyə dərir. Bağdan, hətta bazardan göycə alçasının 1 kiloqramını bizdən 50 qəpiyə alırlar. Qablaşdırma, yeşik və nəqliyyat xərcini də üstünə gələndə hər kiloqram alçadan bizə cəmi 10 qəpik qalır. Bu isə heç suvarmaya çəkilən xərci belə ödəmir”. 

Müsahibimiz deyib ki, yeganə çıxış yolu iritutumlu soyuducular yaratmaq və onları ucuz qiymətə fermerlərə kirayə verməkdir. O, Kənd Təsərrüfatı Nazirliyini fermerlərin əlində qalan tonlarla məhsulu almağa səsləyib: 

“Hamımız borcun içində batırıq. Belə getsə, baltanı əlimə alıb bağdakı alça ağaclarının hamısını kəsəcəyəm”. 

Qeyd edək ki, digər kənd təsərrüfatı məhsullarının qiymətində də kəskin ucuzlaşma müşahidə edilir. Hazırda Cəlilabadda kartofun 1 kiloqramı 20, xiyarın bir kiloqramı isə 10 qəpiyə müştərilərə təklif olunur.

Xaçmazda pomidorun 1 kiloqramı 40-50 qəpiyə, gilas isə 1 manata satılır.

Kənd təsərrüfatı məhsullarının yerlərdə ucuz qiymətə satılması fermerlərin ciddi narazılığına səbəb olur. 

Share on Facebook