Ötən gün silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlamasını verib.
Sozcu.az xəbər verir ki, F.Mustafa jurnalist Eynulla Fətullayevlə telefon danışığı zamanı hadisənin necə baş verdiyini açıqlayıb:
"Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb, qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".
F.Mustafanın sözlərinə görə, sonra qapını bağlayaraq, təcili yardım və hüquq-mühafizə orqanlarına məlumat veriblər:
"Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.