Əvəz Zeynallı: "Elçin Sadıqov niyə azadlıqdadır?" - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayıb.

Sozcu.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Elan olunmuş ittiham üzrə Əvəz Zeynallı özünü təqsirli bilməyib.

O deyib ki, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib.

Əvəz Zeynallı vəkil Elçin Sadıqovun azadlıqda olmasından narazı olduğunu söyləyib: “Mənə ittiham verilib ki, Elçin Sadıqovla birlikdə rüşvət almışam. Amma onun işi ayrıca icraata götürülüb və azadlıqdadır. Nəyə görə Elçin Sadıqov azadlıqdadır? Axı barəmdə ittiham onunla birlikdə verilib. Biz bir ittihamla saxlanılaraq həbs edilmişik”.

Əvəz Zeyallı daha sonra məhkəmə prosesinin kiçik zalda keçirildiyindən narazı qaldığını vurğulayıb: “Xahiş edirəm ki, məhkəmə böyük zalda keçirilsin və prosesə daha çox insan buraxılsın”.

Hakim qeyd edib ki, məsələ məhkəmə araşdırması zamanı müzakirəyə çıxarılacaq.

Hazırda proses davam edir.

***

10:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləmiş Elnur Şükürovun cinayət işi üzərə məhkəmə iclası başlayır.

Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək proses saat 11:50-də start götürəcək.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi və məhkəmənin baxışa verilməsi gözlənilir.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.

Qeyd: “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.

Share on Facebook