“Erməni təbliğatına qarşı yalnız rəsmi təkzib yetərli deyil, əks tələblərlə çıxış etməliyik...”

“Rus general hay-küylə “blokada”dan şikayət edən sərxoş ermənilərə baxıb dedi ki, bunlar heç aclıq çəkənə oxşamırlar...”

“Çox əzablara düçar olmuş”, “genosid”ə, “etnik təmizləmə”yə məruz qalmış ermənilər indi də “acından ölürük” şüarı ilə dünyaya ismarışlar göndərirlər. Axırıncı dəfə Araik Arutunyanın kabinetdən çıxıb komforlu çadırda oturaq aksiyaya qoşulduğu kadrlarına baxanda, baş separatçının son vaxtlar xeyli kökəldiyi aydın görünürdü. Görünür, tamahından şişib. “Acından humanitar fəlakət” yaşayan separatçıların video-görüntülərinə baxanda 1990-cı ilin martın əvvəllərində olmuş bir hadisə yadıma düşdü. Keçmiş Xanlar rayonunun ermənilər yaşadığı Kamo və Azad kəndləri könüllü olaraq müraciət edib onların köçürülmələrini xahiş edirdilər. Danışıqları mən aparırdım. Köçmənin reallaşması üçün zəruri olan işlər görülməyə başlayanda xəbər gəldi ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov( ermənilərə xüsusi dəstək verdiyinə görə, həm də erməni yaltaqlığının nümunəsi olaraq Rıjkov rəsmən Ermənistanın milli qəhrəmanıdır)  bu kəndlərə xüsusi komissiya göndərib və komissiyaya general-mayor Şirinkin rəhbərlik edir. Komissiya rayon ərazisində yerləşən Sovet ordusu briqadasına gəlib və rayon rəhbərliyi ilə görüşdən imtina edir. Yerli strukturlardan heç kimi heyətin tərkibinə almırlar. Generalın otağına keçib özümü təqdim etdim və mənim iştirakımın mütləq olduğunu bildirdim. General razılaşdı və komissiyanın gəlişinin səbəbinin ermənilərin aclıq çəkməsi ilə əsaslandırdı, dedi ki, sizlər onları blokadada saxlayırsınız, onlar da şikayət ediblər, çörək istəyirlər. İrəvandan SSRİ Ali Sovetinin deputatı general Surkov da vertolyotla gəlir. Qısası, getdik, kənd klubunda ermənilər toplaşdılar. Klubdakıların əksəriyyəti qonşu Çaykənddən gələnlər idi. Demək olar ki, hamısı spirtli içkinin təsiri altında, faktiki sərxoş vəziyyətdə idilər. Xislətlərinə uyğun olaraq ermənilər qışqırır, ağlayır, hədələyirdilər. Sərxoş ermənilər elə hay-küy saldılar ki, general Şirinkin məcbur olub dedi: Bunlar heç aclıq çəkənə oxşamırlar”. O biri general da məclisi yarımçıq tərk etdi, komissiya üzvləri isə ermənilərin yalanını etiraf etdilər... 

İndi də Ağdam -Əsgəran yoluna blok plitələr qoyanda əllərində aclıq şüarı tutan erməni qızlarının yanaqları elə əvvəlki kimi qırmızı, gədələrinin də sağlamsifətli olduğu açıq görünürdü. Şirinkinin sözü olmasın,  bunlar heç aclıq çəkənə oxşamırlar…  Araik də kökəlib… 

Bizi düşmən kimi görüb təklif etdiyimiz humanitar yardımdan imtina edən separatçı rejim və Qarabağ erməniləri (bunların da böyük əksəriyyəti elə Araik kimi, Vardanyan kimi düşünür, özümüzü yalandan inandırmayaq ki, yerli ermənilər bizi istəyir) ac deyillər, Rusiya hərbçiləri helikopterlərlə ərzaq daşıyır, minlərlə erməni silahlı qüvvələrinin, yerli əhalinin təminatı ilə məşğuldurlar. Sadəcə olaraq biz beynəlxalq ictimaiyyətin qınağına, təzyiqinə tuş gəlməmək üçün Ağdam istiqamətində real ərzaq depoları yaratmalı və dünyaya nümayiş etdirməliyik ki, heç bir blokada yoxdu. “Ac qılıca çapırsa”, niyə gəlib bizim ərzaq depolarından mal almırlar? Bu sualla elə dünyaya yayılan dezinformasiyanın qarşısını almış olarıq. Acdırlarsa, 2 km yol qət edib Əsgərandan Qarağacı qəbristanlığının üstünə tərəf gəlib zəruri olan malları alsınlar. Niyə 300 km İrəvana gedirlər. Gəlmirlərsə, deməli ac deyillər… 

Bir də, əks tədbirlər, tələblərlə çıxış etməliyik ki, düşmən bizim tələbləri yerinə yetirmək haqqında düşünsün, yalançı aclıq şüvəni ilə yox. Tələblərimiz isə çoxdur. Şuşa-Xankəndi yolunda keçmiş Dağlıq Qarabağ qaçqınlarının “evimizə qayıdırıq” tələbi ilə aksiya keçirmək və etnik təmizlənməyə kimin məruz qaldığını dünyaya sübut etmək lazımdır. Bir də, həmişə təkrar etdiyimiz məsələ-erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmək. Laçın yolundan istifadənin şərti də açıqlanmalıdır: Yalnız Azərbaycan sənədini qəbul edən şəxsin gediş-gəlişinə icazə veriləcək… 

Xülasə, erməni təbliğatının qarşısını almaq üçün çox tədbirlər görmək olar, yalnız rəsmi təkzib yetərli deyil.

İlham İsmayıl

Share on Facebook