ABŞ-ın İrəvandakı səfirliyi Ermənistandakı Amerika vətəndaşlarına xəbərdarlıq edərək, bu ölkənin sərhədyanı rayonlarına, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər etməməyə çağırıb.
Qeyd edək ki, ABŞ 44 günlük müharibədən az əvvəl də belə bir xəbərdarlıq etmişdi.
Bəs, bu xəbərdarlığın arxasında nə gizlənir?
Məsələyə münasibət bildirən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Demokrat.az-a açıqlamasında son günlər Azərbaycan-Ermənistan sərhəddində, Qarabağın dağlıq hissəsində, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə gərginlik müşahidə edildiyini bildirib.
O, deyib ki, bu baxımdan ABŞ-ın İrəvandakı səfirliyinin öz ölkəsindəki vətəndaşlarına belə bir xəbərdarlıq etməsi normal parktikadır:
“Ermənistanda bunu az qala anti-Ermənistan bəyanatı kimi səsləndirirlər. Azərbaycanda isə bunu ölkəmizin diplomatik qələbəsi kimi təqdim etməyə çalışanlar var. Əslində, bu adi praktikadır.
Düzdür, bizim üçün burada həyəcan yaradan məqamlar var. Çox güman ki, amerikalılar belə bir açıqlamanı yaymaqla Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsinin olacağını nəzərdə tutur. Bu, hər iki tərəf üçün neqativ haldır. Çünki ilk növbədə bu, sülh prosesinə mane olacaq.
Ümumiyyətlə, hərbi qarşıdurma və müharibə başlayarsa, bu, bölgənin gələcəyini şübhə altına qoya bilər. Çünki bunun nəticəsində birmənalı şəkildə böyük güclərin bura müdaxilə imkanı ola bilər”.